İki kapitan, iki yubiley

13:15 - 16 Dekabr 2022

Misli Premyer Liqasının XVII turu iki futbolçunun ölkə çempionatında 350-ci oyununu keçirməsi ilə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev “Qəbələ” (1:0), “Sumqayıt”ın arxa xətt oyunçusu Vurğun Hüseynov “Səbail”lə qarşılaşmada (2:0) yubileyini qeyd edib. Hər iki kapitan 350-ci görüşünü doğma meydanda keçirib.

 

Bununla da 1992-ci ildən keçirilən yarışda 350 və daha çox oyuna çıxanların sayı 12-yə çatıb. Maksimlə Vurğuna qədər 10 futbolçu buna nail olub.

 

Debütü 2006/07 mövsümünə təsadüf edən Maksim bu müddətdə 12 qol vurub. 33 yaşlı müdafiəçi yalnız “Qarabağ”da forma geyinib. O, bir klubda ən çox oyun keçirən futbolçudur.

 

İlk oyunu 2005/06 mövsümünə təsadüf edən Vurğunun hesabında 10 qol var. 34 yaşlı müdafiəçi debüt etdiyi “Turan” və indi şərəfini qoruduğu “Sumqayıt”dan başqa “Qəbələ”də də çıxış edib.

Xəbər xətti