"Molde" və "Hekken" qələbələri sürpriz deyildi, "Qarabağ" yüksək hədəfləri olan komandadır"

15:48 - 15 Oktyabr 2023

"Qarabağ"ın avrokuboklardakı oyunlarını əlbəttə ki, izləyirəm. Həm təsnifat görüşlərini, həm də qrup matçlarına baxmışam. Onlara bütün matçlarda uğurlar arzulayıram. Böyük təcrübəyə malikdirlər".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu, hazırda Litvada "Panejevis"də oynayan Donald Gerye deyib. Haitili futbolçu Ağdam klubunun avrokuboklardakı çıxışını dəyərləndirib: "Əlbəttə ki, "Qarabağ"ın "Molde" və "Hekken"ə qalib gəlməsi sürpriz deyildiş Çünki "Qarabağ" yüksək hədəfləri, ambisiyaları olan komandadır. Hər oyunda uğur qazanmaq üçün mübarizə aparırlar. Onların mentalitetini tanıyıram. Qurban Qurbanov futbolçuların maksimum güclə oynamasını istəyir. Qələbəyə ac, həvəsli, həyəcanlı komandadır. "Qarabağ" hər mövsüm bu cür oynayır, çox yaxşı futbol nümayiş etdirirlər".

Geryenin fikrincə, qrupun favoriti "Bayer"(Leverkuzen) olsa da, "Qarabağ" onlara qarşı da yaxşı mübarizə aparacaq: "Qarabağ" hər oyunda uğur qazanmaq üçün mübarizə aparır. Ancaq bütün matçlar çətin keçəcək. Qarşıda “Bayer"(Leverkuzen) kimi bu turnirlərdə olduqca təcrübəli kollektiv var. Mentalitetlərini tanıyırıq. Futbol hər nəticəyə açıq oyundur. Bəzən gözlənilən baş vermir. Ümid edirəm ki, "Qarabağ"ın işləri çox yaxşı alınacaq".

Mirbağırağa

Xəbər xətti