Nadir Nəbiyev: "Bölgəmizdə futbolun inkişafı üçün daim səylə çalışacağıq"

15:59 - 30 Yanvar 2024

Qərb Regional Futbol Federasiyasına növbəti 5 il üçün yenidən prezident seçilən Nadir Nəbiyev qurumun mətbuat xidmətinə açıqlama verib.

Sportal.az xəbər verir ki, veteran futbolçu İctimai Birliyin hədəflərindən, məqsədlərindən danışıb:

“İlk öncə mənə göstərdikləri etimada görə konfrans iştirakçılarına öz təşəkkürümü bildirirəm. Onların etimadını artıqlaması ilə qarşılamağa çalışacam. Ötən 5 il ərzində futbolun bölgəmizdə kütləviləşməsi üçün kifayət qədər iş gördük. Hər il müxtəlif səpkili turnirlər təşkil edirik. Ulu öndər Heydər Əliyevin, şəhidlərimizin, veteran futbolçu Sakit Alıyevin xatirə turnirlərini yüksək səviyyədə həyata keçirmişik. Uşaq liqalarındakı oyunları xüsusi ilə diqqət mərkəzində saxlayırıq. Məşqçilərin bilik və bacarıqlarının artırılması üçün müraciətimizə əsasən AFFA tərəfindən region məşqçilərinə C kateqoriyalı kurslar təşkil olundu. 20-dən çox məşqçi ilk dəfə olaraq bu kateqoriyaya yiyələndi. Sevindirici haldır ki, məhz onların rəhbərliyi altında bölgəmizdə istedadlı uşaqların sayı getdikcə artmaqdadır.

İstər Region Liqası, istər II liqada regionumuzu təmsil edən komandalarla sıx təmasdayıq. Mümkün qədər dəstək göstərməyə çalışırıq. Hər il daxili vəsaitimiz hesabına fərqlənən komandalar, futbolçular, məşqçilərə hədiyyələr, diplom və fəxri fərmanlar təqdim edirik. Bölgədəki komandalar əsasən top və inventarla bağlı çətinlik çəkirlər. Bu barədə də daxili imkanlarımız hesabına komandalara dəstək olmuşuq. Hədəflərimiz, məqsədlərimiz çoxdur. Bölgəmizdə futbolun inkişafı üçün daim səylə çalışacağıq. Futbolun kütləviliyi baxımından turnirlər təşkil etməyi hədəfləyirik. Əsas prioritetlərimizdən biri regionumuza daxil olan və uzun müddətdir ki, futbolsuz qalan Gədəbəydə uşaq futbolu yenidən dirçəltməkdir. Orada komandanın yaradılmasına, aşağı yaş qrupları üzrə komandaların formalaşdırılıb rəsmi yarışlarda iştirakına köməklik etmək və orada olan məşqçilərin kateqoriya kurslarında iştirakına dəstək olmaq niyyətindəyik. Məqsədimiz Azərbaycan futbolunun inkişafına töhvə verməkdir”.

Xəbər xətti