"Elvin Cəfərquliyev "dəlilik" etməyi kənara qoysa, ən yaxşı oyunçularımızdan biri olacaq" - MÜSAHİBƏ

14:21 - 27 Mart 2024

Azərbaycan milli komandasının veteran futbolçusu Əfran İsmayılov Sportal.az saytına müsahibə verib.

- Azərbaycan millisi Monqolustan və Bolqarıstana qarşı oyunlar keçirdi. Millinin performansını bəyəndin? 

- Bolqarıstana qarşı yaxşı oynadılar. Xüsusən də ikinci yarıda. Qol buraxdlq, çətinliklər oldu. Dördlü müdafiəyə keçdikdən sonra oyunumuz daha da sürətləndi, qolumuzu vurduq. Hansi oyunçularımızı istəyirdim, onlar meydana çıxdı, qolumuz da gəldi. Əsas məsələ odur ki, sistemimiz dəyişdi, qol vurduq. Yaxşı oynadıq. Ədalətli nıəticə heç-heçə idi. Monqolustana qarşı güclü oynamadıq. Doğrudur, qol epizodlarımız var idi. Amma mənim üçün Bolqarıstana qarşı oyunu daha sürətli idi. Monqollar 11 müdafiəçi ilə oynayırdı, maraqsız futbol getdi. Çətinliyimiz oldu. Bolqarlarla görüş daha yaxşı idi.

- Arif Əsədovun rəhbərlik etdiyi milli daha maraqlı görünürdü?

- Axı, iki oyunla heç nə bilmək olmur. Millimizin Monqolustan və Bolqarıstandan güclü olduğunun demişdim. Hazırda formada olan milli komandayıq. Keyfiyyətli komandamız var. Rahat şəkildə monqolları və bolqarları uda biləcəyimizi bildirmişdim. Bolqorları da məğlub etməyə gücümüz yetərdi. Millimiz pis görünmürdü. 

- Baş məşqçi postunda dəyişikliyə ehtiyac var? Səncə, Əsədova şans verəcəklər, yoxsa inandırıcı gəlmir?

- Bilmirəm. Arif Əsədovun millidə qalıb-qalmayacağına AFFA qərar verəcək. Mən yerli məşqçinin tərəfdarıyam. Bunu həmişə deyirəm. Xarici məşqçi gəlib, 2-3 il vaxtımızı aparacaqsa, elə ondansa azərbaycanlı məşqçini yoxlasınlar. Arifi fikirləşirlərsə, onu da bu posta təyin etsinlər. Başını aşağı salıb işləsin. Nəticə də verə bilirsə, versin. Azərbaycan üçün daha xeyirlidirsə, o da olsun. Mən də hər zaman Azərbaycanın qələbələrini gözləyirəm.

- Son dövrlərdə Elvin Cəfərquliyev intizamsızlığı ilə diqqət çəkir. Qırmızı vərəqələr, Bolqarıstanla görüşdə isə hakimlərə qarşı aqressivliyi gözdən qaçmadı. Səncə, nəyə görə belə edir?

- Tamamilə razıyam. Elvin çox intizamsız hərəkətlər edir. Yetəri qədər qırmızı vərəqələr alır. Həm də, hakimlərlə danışır. Üzücü haldır. Elvini başa düşürəm, qırmızı vərəqə almaq istəmir. Qırmızı aldıqdan sonra isə vəziyyəti dərk edib, daha da əsəbiləşir. Amma bu birinci və ikinci hal deyil. Bu hallar tez-tez baş verdiyi üçün fikirləşməlidir, düşünməlidir. Niyə belə olur? Bunu fikirləşmək lazımdır.

- Belə davam edəcəyi təqdirdə, Qurban Qurbanovun etimad göstərdiyi futbolçular sırasından çıxa bilər?

- İnanmıram ki, Qurban müəllim bu vəziyyəti boş buraxsın. Bizim danışmağımıza ehtiyacımız yoxdur, Qurban Qurbanov yetəri qədər onunla danışıb, onu başa salacaq. Xeyr, siyahısından çıxaracağına inanmıram. Qurban müəllim heç vaxt öncə onu fikirləşmir. Əksinə, ilk növbədə futbolçunu qazanmağı düşünür. Onu yetəri qədər başa salacaq, Elvin də özünü toparlayacaq. O, çox keyfiyyətli futbolçudur, Azərbaycanda ən güclü sol cinah müdafiəçisidir. Daha da irəliyə gedə bilər. Elvin "dəlilik" etməyi kənara qoysa, ən yaxşı oyunçularımızdan biri olacaq.

- Dünən Gürcüstan milli komandası Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı. Səncə, niyə onlar bunu edə bilir, Azərbaycan millisi bacarmır?

- Gürcüstanın Avropa çempionatına vəsiqə qazanması sevindirici haldır. Bizim qonşumuzdur. Üzücü hal odur ki, biz niyə çıxa bilmirik? Gürcüstan futbolunda futbol adamları işləyir. Futbol camiəsisində də keçmiş futbolçular çoxluq təşkil edir. Onlar da futbolçuların nə istədiyini anlayır. Məhz buna görə də Xviça Kvaratsxeliya, Mamardaşvili kimi futbolçuları çıxır. Çıxmalıdır da. "Səbail"lə Gürcüstana toplanışa getmişdik. Onda baxdım ki, Gürcüstan klubunun baş məşqçisi keçmiş futbolçu, köməkçisi də həmçinin. Akademiyaya gedirsən, orada işləyənlər keçmiş futbolçular. Aktiv futbolçu karyerasını başa vuranlardan heç kim işsiz qalmayıb, hamısı futbolda işləyir. Buna görə də futbollarının inkişafı gözlənilən idi. Əsas amil odur ki, futbol camiəsində futbolu bilənlər çalışır. İnkişafları gözlənilən idi. Avropa çempionatına yollanacaqlar. Onlar üçün böyük uğurdur. Allah qoysa, biz də bunu edərik. Bizdə də olmalıdır. 

Mirbağırağa

Xəbər xətti