"Neftçi" və "Turan Tovuz"dakı gənclərin durumu bizi narahat edir" - U-21 millisinin baş məşqçisi

17:00 - 22 İyul 2025

U-21 millimiz bir neçə aydan sonra Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq. Sentyabrın 5-də səfərdə Portuqaliya ilə, 9-da isə evdə Bolqarıstanla qarşılaşacaq. 

Yığma komandamızın çalışdırıcısı Ayxan Abbasov bir neçə milli üzvünü öz yanına, "Şamaxı"klubuna gətirib, digərlərini də nəzarətdə saxlayır. Sportal.az saytına açıqlama verən Abbasov milli üzvləri ilə bağlı fikirlərini bölüşüb:

"Premyer Liqada komanda sayının artması bu mənada üstünlükdür. Ümid edirik ki, xüsusən yeni gələn komandalar cavanlara da şans verər. Bəzi milli üzvləri bizimlə "Şamaxı"dadır. Sevindirici odur ki, "Qəbələ" də cavanları oynatmaqda maraqlıdır. Eyni fikirləri "Sumqayıt" barədə də demək olar. 

Bütün milli üzvlərini izləyirik. Demək olar hamısı klubları ilə təlim-məşq toplanışındadılar. Açığı, "Neftçi" və "Turan Tovuz"dakı gənclərin durumu bizi narahat edir. Nə qədər şans qazanacaqları bilinmir. İstərdim ki, "Neftçi" də Murad Məmmədov və Ağadadaş Salyanski kimi oyunçular daim oynamaq imkanı əldə etsinlər. 

Əgər U-21 millisinin üzvləri ilk 3 turda az şans qazansalar, bizim üçün çətin olacaq. Səfərdə Portuqaliya ilə, bir neçə gün sonra isə evdə Bolqarıstana qarşı oynamaq var. Bir misal çəkim, Bolqarıstan millisinin hücumçusu ötən mövsüm yüksək liqada 12 qol vurub. Bizdə U-21 milli üzvləri arasında beləsi varmı... Fərq çoxdur. Amma inanıram ki, bizim futbolçular klublarda şans qazansalar, millidə də yaxşı nəticələr olacaq". 

Xəbər xətti