Serbiya Futbol Federasiyasında çalışan "Qəbələ"li: "Legioner limitinin olmaması çox pisdir" - MÜSAHİBƏ

16:34 - 22 İyul 2025

"Qəbələ"nin sabiq futbolçusu, hazırda Serbiya Futbol Federasiyasında çalışan PRO kateqoriyalı məşqçi Milan Antiç Sportal.az saytına müsahibə verib.

- "Qəbələ" bir ildən sonra Premyer Liqaya yenidən qayıtdı. Yəqin ki, sənin üçün də sevindirici məqamdır...

- “Qəbələ”nin elitaya geri qayıtması məni çox sevindirdi. Real danışsaq, “Qəbələ” orada olmalı idi. Onları yenidən Premyer Liqada görmək şəxsən məni çox sevindirir. Ümidvaram ki, “Qəbələ” uzun illər yüksək liqada qalacaq. Artıq bir neçə ildir ki, baş məşqçi də eynidir, dəyişməyib. Fikrimcə, futbolçu sarıdan yaxşı seçim etmək üçün vaxtları da oldu. “Qəbələ”yə bu mövsüm stabillik arzulayıram. 2026/2027 mövsümündə isə komanda artıq avrokuboklar uğrunda mübarizəyə qoşulmalıdır. 

- Yəqin ki, bilirsən, “Qəbələ”nin futbol akademiyası fəaliyyətini məhdudlaşdıracaq.  2025/2026 mövsümündən etibarən Azərbaycan çempionatında legioner limiti tətbiq edilməyəcək. Bu barədə fikrin necədir?

Təbii ki, “Qəbələ” akademiyasının işləməməsi məni sevindirmir. Çünki illərdir ki, mən "Qəbələ"nin sıfırdan qurulan, əsl futbol klubu olduğunu və Azərbaycanda da digər klublar üçün nümunə olduğunu bildirirdim. Ümidvaram ki, AFFA onlara kömək etməyin yolunu tapacaq. Hazırda Serbiya Futbol Federasiyası klublara yaxşı akademiyalar qurması üçün kömək etməyə çalışır. Klubları akademiyasız gələcəyin olmadığına inandırmaq asan deyil. Bu baxımdan legioner limitinin olmaması çox pisdir. Məhdudiyyətlər tətbiq etmək daha yaxşıdır ki, yerli oyunçuların oynamaq şansı daha çox olsun, əcnəbi oyunçular isə daha çox keyfiyyət əlavə etsinlər. Serbiyada əcnəbilərin sayında məhdudiyyətin olması ilə yanaşı, komandada gənc futbolçuların məcburi olması ilə bağlı bonus qaydası da var.

- Kaxaber Sxadadze Birinci Liqada da postunda idi, yeni mövsümə də komandanın baş məşqçi postunda qalacaq. Səncə, yeni mövsüm “Qəbələ” sürpriz nəticə göstərə bilər? Komandaya gənc legionerlər cəlb ediblər..

Bir müddət Serbiyada çoxlu gənc afrikalı oyunçu var idi. Çünki onlar çox bahalı deyildilər və klublar keyfiyyətli oyunçu tapdıqda qazanc əldə edirdilər. İndi bir neçə klub bunu edir. Çünki yaxşı oyunçu tapmaq asan deyil və hətta akademiyadan oyunçular da gətirirlər. Akademiyadan olan gənc oyunçularla bir neçə əcnəbidən ibarət oyunçunun sintezi ən yaxşı seçimdir. Amma həm də ən çətin variantdır. Ümid edirəm ki, “Qəbələ” yaxşı komandaya çevriləcək və tezliklə yenidən avrokuboklarda çıxış edəcək.

- Həmyerlin Saşa İliç “Sumqayıt”ı çalışdırır. Səncə, onun bu klubdakı karyerası uğurlu alına bilər?

Bəli, İliçin “Sumqayıt”a baş məşqçi təyin olunduğunu gördüm. Biz onunla birlikdə məşqçi kurslarında iştirak etmişik. Təbrik etmək üçün ona zəng edəcəm. Saşa Serbiya futbolunun əfsanəsidir, “Partizan”ın nə vaxt baş məşqçisi olacağı sadəcə zaman məsələsidir. 

- İliç hansı oyun stilinə üstünlük verir?

- O, oyunu çox yaxşı başa düşür . İliç kreativ futbolçuları bəyənir. Məncə, “Sumqayıt” onun rəhbərliyi altında yaxşı futbol oynayacaq. Çox pozitiv insandır və kollektivdə atmosferin yüksək olmasını da sevir. İliçə uğurlar arzulayıram və onun uğurlu olacağına isə şübhə etmirəm. 

Mən özüm də, UEFA PRO lisenziyama keçən ay yiyələndim və hazırda komandaya rəhbərlik etmək variantlarını nəzərdən keçirirəm. Çindən bəzi təkliflər olub, lakin bu hələ yekun qərar deyil.

Mirbağırağa

Xəbər xətti