Bu nə transferlər, bu nə futbol - "Araz-Naxçıvan" göz oxşadı, ümid verdi

17:27 - 25 İyul 2025

"Aris" avrokubokların ilkin mərhələlərində klublarımıza rəqib olan komandalar arasında ən güclüsü kimi qəbul edilirdi. Yunanıstan təmsilçisi əzəmətli görünürdü uzaqdan, amma "Araz-Naxçıvan" onları bizə yaxından fərqli göstərdi. 

Hələ "Aris"lə oyuna qədər Naxçıvan Futbol Federasiyanın rəhbəri Zaur Axundovun "Araz-Naxçıvan"ın baş məşqçisi və futbolçuları qarşısında mərhələni keçmək tələbi qoyması ilə bağlı xəbərlər yayılmışdı. Amma bir məsələni xüsusi qeyd etmək lazımdır ki, Zaur müəllim tələb qoymaqla yanaşı, həm də komandanın güclənməsi üçün hər şey etmişdi. Ölkənin ən güclü skautlarından biri hesab olunan Ceyhun Sultanovun prosesə cəlb edilməsi, transferlərin reallaşması üçün maliyyənin ayrılması, yaxşı hazırlıq və s. məqamlar uğuru şərtləndirən amillərdən oldu. 

Bu həftə ölkə futbolumuz üçün düşərli gəldi. 4 klubumuzdan 3-ü qələbə qazandı, 1-i heç-heçə etdi. Ölkə adına yaxşı reytinq xalları gəldi hesabımıza. Amma klublarımızın oyunlarını ayrı-ayrılıqda götürsək, ən parlaq futbolu "Araz-Naxçıvan" sərgilədi. 

Heyətin yenilənmiş olmasına baxmayaraq, Naxçıvan təmsilçisi baxımlı oyun sərgilədi. "Qarabağ"dan gələn Patrik Andrade elə bir səviyyə ortaya qoydu ki, bəlkə də Qurban Qurbanov onu əldən buraxmasına peşmanlıq hissi keçirdi həmin gecə. Sağ cinahda Boli başağrı oldu, digər yenilər də göz oxşadı. 

"Aris"in baş məşqçisi Marinos Ouzounidis mətbuat konfransında şokdan ayılmamış adam kimi danışırdı sanki. Elə bil komandasının məğlubiyyəti yuxu kimi gəlirdi ona. Bəlkə indi də məğlubiyyətin necə baş verdiyini ağlına sığdıra bilmir heç cür. Ev matçında mütləq qələbə qazanıb mərhələ adlayacaqlarını dedi. Zaman göstərər. 

"Araz-Naxçıvan" üçün səfər oyunu çətin keçəcək. Lakin bu futbolçularla, belə komandayla mərhələ adlamaq mümkündür. Hətta qrup mərhələsinə də düşmək realdı. 

Həmid

Xəbər xətti