Gülnurə Əkbərzadə – Azərbaycan futbolunda qadın stereotiplərini qıran hakim. Onun meydan kənarındakı fəaliyyəti dəqiqlik qədər, cəsarət də tələb edir. Bu, sadəcə düzgün qərarları vermək deyil, həm də qadın olduğu üçün qarşılaşdığı maneələri aşmaq mübarizəsidir.
Sportal.az xəbər verir ki, Gülnurə Əkbərzadə Teleqraf-a müsahibəsində peşəsinin görünməyən tərəflərini, gender təzyiqlərini və Azərbaycanda qadın idmançının yüksəliş yolu barədə danışıb.
– Bu sahəyə gəlməyə sizi nə motivasiya etdi?
– Məktəbli illərimdə futbol oynayırdım. Qızlardan ibarət komanda tez-tez "dağılırdı". Məşqçim təklif etdi ki, hakim olum. Mən də razılaşdım.
– Əvvəllər futbol oynamağınız sizə hakimlikdə necə kömək edir?
– Oyunu daha yaxşı oxuyursan və futbolçuların emosiyasını başa düşürsən.
– Hakimliyi peşə olaraq seçərkən qarşılaşdığınız ilkin çətinliklər nələr oldu?
– İlk çətinliyim qaçış testləri və hava şəraiti idi.
– İndiyə qədər idarə etdiyiniz oyunlar arasında sizin üçün ən yaddaqalan və ya ən çətin oyun hansı olub?
– Ən yadda qalan oyunum ilk dəfə Premyer Liqaya təyinat aldığım olub. Bu, "Qarabağ" - "Turan Tovuz" matçı idi. İlk oyunlar həmişə ən yadda qalan olur. Çətin oyunlarım deməzdim, amma maraqlı matçlarımın sayı çoxdur.
– Qadın olaraq kişilərin dominantlıq etdiyi bir sahədə işləmək necə bir hissdir? Meydanda və ya kənarda hər hansı bir ayrı-seçkilik və ya xoşagəlməz hallarla qarşılaşmısınızmı?
– Fərqli bir hiss deyil. Öz işimi sevirəm. Kənarda heç bir ayrı-seçkilik olmayıb. Şükür ki, meydançada da bununla qarşılaşmıram. Artıq qadın hakimi meydanda qəbul etməyə başlayıblar.
– Bəzi futbolçular dini baxışlarına görə sizinlə əllə salamlaşmır, buna münasibətiniz necədir?
– Efirdə bu görünmür, amma oyundan öncə hansı oyunçular mənimlə görüşməyəcəksə əvvəlcə özləri və ya komandanın kapitanı mənə yaxınlaşaraq bu barədə məlumat verirlər. Bu mənim üçün problem deyil, çünki hər kəsin öz seçimi var.
– Oyunçuların, məşqçilərin və ya azarkeşlərin qərarınıza reaksiyası sizə necə təsir edir?
– Artıq 17 ildir hakimlik edirəm. Reaksiyalara öyrəşmişəm, amma xanım olduğum üçün bu reaksiyalar kobud olmur. Bildirdiyim kimi, əvvəllər futbol oynadığım üçün bunları təbii qarşılayıram.
– VAR texnologiyasının futbola gətirdiyi dəyişikliklərə münasibətiniz necədir? Bu, sizin işinizə necə təsir edir?
– VAR işimizə yaxşı təsir edir. Səhvimiz olan zaman düzəldir və yekun qərarın düzgünlüyü bizi daha rahat edir.
– Fiziki və psixoloji cəhətdən oyunlara necə hazırlaşırsınız? Gündəlik məşq və rejiminiz nəyi əhatə edir?
– Hakimlik məşqlərimizdən əlavə idman salonlarına, fasilə olan zaman isə atletikaya gedirəm. Psixoloji cəhətdən nəsə etmirəm. Oyunlara hər zaman hazıram.
– Daim inkişaf etmək üçün nələr edirsiniz?
– Məşqlərdən başqa oyunlara, əsasən də öz oyunlarıma baxıram. Özümdə nəyi düz, nəyi yanlış etdiyimi qeyd edirəm.
– Bir hakimi uğurlu edən əsas keyfiyyətlər nələrdir?
– Əlbəttə ki, öz üzərində inkişaf. Hakim uğurlu olmaq istəyirsə mütləq və mütləq şəkildə öz üzərində işləməlidir. Əks təqdirə heç vaxt yüksək liqa oyunlarına təyinat ala bilməz. Tənbəl insanlar hakim ola və uğur qazana bilməz.
– Hakimlik karyeranızda hədəfləriniz nələrdir? Beynəlxalq arenada özünüzü necə görürsünüz?
– Hədəflərimə artıq çatmışam. Daha yaxşı beynəlxalq oyunlara təyinat almaq istəyərdim. Azərbaycanda istədiyim hər şeyə nail olmuşam. Yaşım və gücüm çatdığı qədər bunu belə saxlamaq istəyirəm.
– Gələcəkdə hakim olmaq istəyən gənc qızlara nə məsləhət görərdiniz?
– Həvəsi olanlar və idmanla məşğul olmaq istəyənlər bu peşəyə gələ bilərlər. Mənə görə çox maraqlı işdir.
– Sizin fikrinizcə, ölkəmizdə qadın futbol hakimlərinin sayının artması üçün hansı addımlar atılmalıdır?
– Artıq addımlar atılıb və qadın hakimlərin sayı artır. Onların sayı daha çox olsa gözəl olardı.
saytlarin hazirlanmasi
