"Dambrauskası tanıdığıma görə "Sabah"da gördüyü işlər mənim üçün böyük sensasiya deyil" - Azərbaycanda oynamış Litva millisinin forvardı

12:22 - 23 Dekabr 2025

Azərbaycan Premyer Liqasında oynamış litvalı futbolçulardan olmuş Robertas Poskus Sportal.az saytına müsahibə verib. 46 yaşlı veteran futbolçu “Hamburq”, “Jalqris”, “Poloniya”, “Krılya Sovetov”, “Zenit”, “Dinamo”(Moskva), “Rostov” kimi klublarda oynadıqdan sonra Azərbaycana gəlmişdir. “İnter”(indiki “Şamaxı”) və “Simurq” klublarının formasını geyinmiş Poşkus saytımıza müsahibəsində Azərbaycan Premyer Liqasından və “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasdan bəhs edib.

- Hazırda nə işlə məşğul olursan, futbol sferasında çalışırsan?

Bəli futbol sferasındayam. Futbol akademiyam var, o da tək Litvada deyil, bütün Baltikada ən böyük akademiyalardandır. Bizim akademiyada 1100-dən çox uşaq futbolla məşğul olur, yeni bazamız da var. 

- Azərbaycanlı futbolçular xaricə yollanmaq istəmirlər. Bu da Azərbaycan millisinin əsas problemlərindən hesab edilir. Səncə, Avropada azərbaycanlı futbolçulara ehtiyac var? Onların xaricə yollanmamasının səbəbi nədir?

Azərbaycanda klublar yaxşı maaşlar verirlər. Yaxşı maaş alanda isə heç kim xaricə getmək istəmir. Amma Azərbaycan futbolunun və çempionatın inkişafı artıb. "Qarabağ" Çempionlar Liqasında oynayır, matçlara çoxlu insanlar gəlir. Ola bilər ki, Azərbaycan millisi o qədər də yaxşı nəticələrə sahib deyil. Amma futbolçular Avropaya getsəydi, bəlkə səviyyə daha yüksək ola bilərdi. Amma Avropada rəqabət yüksək olur, orada oynamaq, heyətə düşmək çətindir. Çox çətin rəqabət var. Yəqin ki, futbolçular bunu o qədər çox istəmir. Çünki özlərini orada rahat hiss etmirlər, komfort zonadan da çıxmaq istəmirlər.

- Litvalı futbolçular isə Avropada çoxdur. "Universitatya Krayova", "Riyeka", "Maribor", "İstanbulspor", "Torino", "Ternana", "Astana", "Saqan Tosu" kimi klublarda oynayırlar. Lakin azərbaycanlı futbolçular xaricdə çox azdır. Yəqin ki, litvalı futbolçular Avropada daha çox ad çıxarıb?

Bəli, Avropada oyunçularımız var. Litvada çempionatımız çox zəifdir. Azərbaycan Premyer Liqasından da çox zəifdir. Harasa gedib çıxa bilmirik. Avropaya gedənlər də gənclərdir. Amma onların hamısı start heyətində hələ möhkəmlənə bilməyib. Elə buna görə də, Litva millisi də çox zəif oynayır. Avropaya gedən uşaqlar daimi və daha yaxşı oynayarsa, milli də daha yaxşı olacaq.

- Azərbaycan futbolunu izləyirsən? Sabiq komandan "İnter" hazırda "Şamaxı" adı ilə mübarizə aparır. "Qarabağ" isə uzun illərdir ki, Premyer Liqada dominant klubdur. Ümumi bu iki məsələ haqda fikrin necədir?

Vaxtım olduqca, bəli Azərbaycan futboluna bir az baxıram. “Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarına isə daim baxıram. Azərbaycan futbolu yüksəklərə qalxmağı bacardı. Azərbaycan çempionatı da çox güclənib. "Qarabağ" bütün bunları uzun yol qət edərək çatdı. İndi hamı Avropada "Qarabağ"ı Azərbaycan komandası kimi tanıyır.

- Azərbaycanda oynamış sonuncu litvalı Domantas Şimkusdur. Ondan sonra litvalı futbolçu Azərbaycana gəlməyib...

Gənc futbolçular daha çox Avropadakı liqalarda oynamaq istəyir. Azərbaycana bəlkə də 30 yaşdan yuxarı olan oyunçular yollanacaq. Bu mənada, hamı Avropada güclü liqalara getmək istəyir. Yəqin ki, Azərbaycanda da litvalı futbolçular yenə də olacaq. Amma etiraf edim ki, hələ bizdə o səviyyədə futbolçu yoxdur. Məsələn, baxıram “Qarabağ”a, etdiyi transferlərə - 1-2 milyona. Hansısa litvalının belə olması hələ çətindir.

- Valdas Dambrauskas isə adından yaxşı söz etdirir. Onun komandası "Qarabağ"ı məğlub etdi və qış fasiləsinə çempion kimi yollandı. Səncə, Dambrauskas "Sabah"ı çempion edə biləcək?

Valdas Dambrauskas hazırda ən yaxşı litvalı məşqçilərdəndir. O, öz işi ilə bunu sübut edib. "Jalqris"də çempion olub, Xorvatiyada və Kiprdə də yaxşı işlər görüb. Dambrauskası tanıdığıma görə, "Sabah"da gördüyü işlər mənim üçün böyük sensasiya deyil. Təbii ki, çempion olmaq üçün hələ uzun yol var. Hər şey ola bilər. Valdasla daim münasibətdəyəm, onu dəstəkləyirəm. Fikrimcə, o, yaxşı məşqçidir və "Sabah"ı çempion edəcək. 

- Valdas Dambrauskas çempion olarsa, "Qarabağ"ın uzun illərdən sonra hegemonluğuna son qoymuş olacaq. Dambrauskasın məşqçi kimi, əsas üstünlüyü nədir?

"Qarabağ" Çempionlar Liqasında oynayır. Onların təcrübəsi var, avrokuboklarda daimi iştirak etdikləri üçün daxili matçlarda da özünəinam gəlir, daha asan oynayırlar. Bu da normal haldır. Bütün bunlar onların üstünlüyüdür. Amma mən Valdas Dambrauskasa inanıram, hər şey ola bilər.

Mirbağırağa

Xəbər xətti