“Sabah”dan ilk: 10-cu qış çempionu

10:49 - 23 Dekabr 2025

Misli Premyer Liqasında 2025/26 mövsümünün qış çempionu müəyyənləşib.  

Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu, 2025-ci ilin son oyunundan sonra dəqiqləşib.

XVI turun “Sumqayıt”la səfər görüşündə 3:1 hesabı ilə qalib gələn “Sabah” yeni ili lider kimi qarşılayacaq.

Xallarının sayını 37-yə çatdıran Bakı klubu son 4 mövsümün qış çempionu “Qarabağ”ı bir xal qabaqlayıb. Bu, “Sabah”ın tarixində ilk belə nəticədir.

Paytaxt təmsilçisi ili zirvədə başa vuran 10-cu komanda olub. Sonuncu yeni qış çempionu 17 il əvvəl - 2008/09 mövsümündə qeydə alınmışdı. Premyer Liqanın ilk dəfə PFL bayrağı altında keçirildiyi mövsümdə “İnter” (indiki “Şamaxı”) tarixində birinci dəfə qış çempionu olub. Sonrakı illərdə isə heç kim adını qış çempionları sırasına əlavə edə bilməyib və bu uğura əvvəl imza atanlar yenidən fərqlənib.

Ümumilikdə isə bunadək 9 klub belə nəticəyə imza atıb və “Sabah” siyahıda 10-cu olub. “Qarabağ” hamıdan çox – 11 dəfə (2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20, 2021/22, 2022/23, 2023/24, 2024/25) fərqlənib. “Neftçi” doqquz (1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12, 2018/19, 2020/21), “Kəpəz” (1993/94, 1997/98, 1998/99) və “Şamaxı” (2008/09, 2009/10, 2012/13) hərəyə üç, “Xəzri” (1995/96), “Şəmkir” (1999/2000), “Karvan” (2005/06), “Xəzər Lənkəran” (2006/07) və “Şüvəlan”ın (2007/08) bir belə uğuru var.

Qeyd edək ki, 1992 və 1993 mövsümləri yaz-payız sistemi ilə keçirilib.

Xəbər xətti