"Zirə"nin qapıçısı: "Bizdən gözləntilər yüksəkdir" MÜSAHİBƏ

17:22 - 11 Yanvar 2026

"Zirə"nin qapıçısı Aydın Bayramov Sportal.az saytına müsahibə verib.

- Komandanız artıq Türkiyədədir. Bakıda başlayan məşqləriniz Türkiyədə davam edir. Komandanın hazırkı durumu necədir?

- Bu gün hazırlığımızın ikinci hissəsinə Antalyada start verdik. Üç yoldaşlıq görüşümüz də olacaq. Komandada yaxşı ab-hava var. Allah qoysa, çempionatın ikinci hissəsinin startına tam hazır olacağıq.

- "Zirə" mövsümün birinci hissəsini turnir cədvəlində 3-cü pillədə başa vurdu. Mövsümün birinci hissəsini necə dəyərləndirirsən, daha yaxşı ola bilərdi, yoxsa maksimum bu idi?

- Çempionatdakı rəqabəti və zədələrdən çox əziyyət çəkdiyimizi nəzərə alsaq, yaxşı nəticədir. Təbii ki, hər oyunda meydana qələbə və sona qədər mübarizə aparmaq üçün çıxırıq.

- Sona qədər bu pillədə qala bilsəniz, mövsümü uğurlu hesab edəcəksən, yoxsa komanda ilk iki yerdən birini tutmalıdır ki, bunu uğurlu hesab edəsiz?

- Ardıcıl iki mövsüm çempionatda 2-ci yeri tutmuşuq. Buna görə də bizdən gözləntilər yüksəkdir. Ona görə də, çalışacağıq ki, bunu doğruldaq. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır.

- 2025-ci ildə şəxsi performansını necə dəyərləndirirsən? Millidə İslandiya və Fransa kimi yığmalara qarşı oynadın. Yəqin ki, sənin üçün böyük təcrübə hesab etmək olar?

- Öz performansımı özümün dəyərləndirmək mənə düşməz. Bəli, milli komandamızda oynadığım üçün çox xoşbəxtəm. Həmin görüşlərdə də əlimdən gələni etdim. Mənim üçün böyük təcrübə oldu.

- Hazırda turnir cədvəlinin birinci pilləsində "Sabah" qərarlaşıb. Siz də uzun müddət sonra məhz onlara uduzmuşdunuz. Bu mövsüm "Sabah"a qarşı oynamaq çox çətindir? Onlar səncə çempion ola bilər?

 - Hər şey ola bilər. Bu futboldur. "Sabah"da yaxşı komanda formalaşdırıblar. Onlara qarşı oynamaq maraqlıdır.

- "Zirə"də çox da tez-tez oynamırsan. Daha çox Tyaqo Silva meydana çıxır. Bu mənada, oyun praktikasından əziyyət çəkməmək üçün komandanı dəyişmək istəyirsən?

- Bu haqda düşünmürəm. Mövsümün sonuna qədər "Zirə" ilə müqaviləm var. İndi mövsümün ikinci hissəsinə hazırlaşırıq. Yalnız mövsümün qalan matçlarına fokuslanmışam.

Mirbağırağa

Xəbər xətti