"Ayntraxt"ı Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunun "Qarabağ"la görüşünə çıxaracaq məşqçilərin adı açıqlanıb.
Sportal.az xəbər verir ki, Bakıdakı görüşdə "Ayntraxt"ın məşqçilər koprusunda U-19 heyətinin çalışdırıcısı Aleks Mayer və Dennis Şmidt yer alacaq.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Dino Toppmöllerin istefaya göndərilməsindən sonra klub rəhbərliyi müvəqqəti olaraq Mayer və Şmidtə etimad göstərib.
"Qarabağ" – “Ayntraxt” oyunu yanvarın 21-də, Bakıda keçiriləcək.
Qeyd edək ki, bu, Mayerin "Qarabağ"a qarşı ilk matçı olmayacaq. Belə ki, 2013/2014 mövsümündə Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" - "Ayntraxt"(Frankfurt) görüşündə Mayerin dublu sayəsində almanlar Bakıdan qələbə ilə geri qayıtmışdı. O, Frankfurtda keçirilmiş(2:1) görüşdə də komandasının birinci qolunun müəllifi olmuşdu.
Meyer "Sankt-Pauli", "Hamburq", "Vestern Sidney" klublarının formasını geyinsə də, "Ayntraxt"ın əfsanəsi hesab edilir. Belə ki, 43 yaşlı veteran forvard 2004-2018-ci illərdə Frankfurt təmsilçisinin heyətində 336 oyun keçirib və 119 qol vurub.
Alman aktiv futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb. Gənc məşqçi 2020-ci ildən “Ayntraxt”ın futbol akademiyasında işləməyə başlayıb, 2025-ci ildən isə U-19 komandasının çalışdırıcısı vəzifəsində yer alıb.
Mirbağırağa



