"Komandaya ikinci dövrədə qoşulmuşdum. Mən gələndə komandamız 4-cü pillədə idi, ikinci dövrədə isə daha çox xal topladıq. Amma təəssüf ki, pley-off mərhələsinə vəsiqə qazana bilmədik. Bunun üçün bizə cəmi bir xal çatmadı".
Bu sözləri Sportal.az saytına açıqlamasında karyerasını Taylandda davam etdirən Məmməd Quliyev deyib.
Taylandın üçüncü liqa təmsilçisi olan “Air Force”də çıxış edən həmyerlimiz bu ölkədə özünün performansını dəyərləndirib:
"Mənim üçün də yaxşı keçdi. Bütün oyunlarda çıxış etdim, stabil oynadığımı düşünürəm. İlk dəfə idi ki, pley-off mərhələsinə bu qədər yaxın idik. Yeni mövsüm necə olacağını zaman göstərəcək. Hələ ki heç nə bilinmir. Təklifləri nəzərdən keçirəcəm. Hazırkı komandamın rəhbərliyi ilə də görüşümüz olacaq".
Quliyev Azərbaycana geri qayıtmaq ehtimalının da olduğunu söyləyib: "Əslində, Azərbaycana geri qayıtmaq imkanım var. Amma neçə illərdir ki, burada yaşayıram, burada oynayıram. Özümü Taylandda xoşbəxt hiss edirəm. Yerli pasporta yiyələnməyə gəldikdə, burada fərqli şərtlər var, bəlkə də bunu əldə etməyə imkan yoxdur və ya çətindir. Ona görə də bu haqda düşünmürəm. Mən burada sadəcə iş vizası ilə qalıram. Çünki buna şərait var. Bəli, digər gəlir yeri kimi bizneslər var, dostlarımızla birlikdə məşğul oluruq. Həm futbol, həm də biznesi birlikdə idarə edirik".
Mirbağırağa
