"Osasuna" işini udan ispan vəkil "Turan Tovuz"un problemini çözməyə çalışır - lakin Tovuz klubuyla bağlı hüquqi prosedurlarda dolaşıq var

13:56 - 10 İyun 2026

Mövsümü 3-cü pillədə bitirən "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılması azarkeşlər üçün şok oldu. Əslində, tək azarkeşlər üçün yox, elə klubun özü üçün də. Çünki belə bir cəzanın mövcudluğundan onların da xəbəri olmayıb. 

Yayılan məlumatlardan belə anlaşılır ki, 2019-cu ildə "Turan Tovuz"un 7 futbolçusu danışılmış oyunlarda iştirak etdiyinə görə, kluba belə bir cəza verilib. Lakin o vaxt AFFA tərəfindən belə bir məlumat heç bir mənbədə dərc edilməyib. Həmin zaman "Turan Tovuz"un Müşahidə Şurasının sədri olan Oqtay Abdullayev deyir ki, kluba bu barədə heç nə deyilməyib. 

Sportal.az saytının əldə etdiyi məlumata görə, CAS-a müraciət edən "Turan Tovuz" ispan vəkil tutub. Josep Vandellos məsələnin klubun xeyrinə həll olunmasının real olduğunu bildirib. Lakin bunun üçün müəyyən hüquqi prosedurların tamamlanması vacibdir ki, bu məsələdə dolaşıq var. 

Bu çətinliklərin nədən ibarət olduğuna dair müəyyən məlumatlar əldə edə bilmişik. 2019-cu ildə klubun o vaxtkı icraçı direktoru Nadir Nəbiyevin AFFA-ya ünvanladığı məktub olub. Nəbiyev bəzi futbolçulardan şübhə etdiklərini və federasiyanın bu məsələni araşdırmasını istəyib. Josep Vandellos həmin məktubun üzə çıxarılmasının vacib olduğunu deyib. Lakin həmin sənəd tapılmır, federasiyanın arxivində görünmür. Bununla yanaşı klubun əl dəyişdiyini, rəhbərliyin yeni adamlar olduğunu bildirən və s. sənədlər də lazımdır ki, burada da dolaşıqlar var. Səbəbin nə olduğunu öyrənə bilməsək də, ispan mütəxəssisin tələb etdiyi sənədlərin hamısını düzəltmək istiqamətində çətinliklərin olduğunu öyrənmişik. Bir tərəfdən vaxtın azlığı da "Turan Tovuz"un işinə mane olur. CAS yaxın günlərdə qərar çıxartmalıdır. Püşkatmaya az qalıb. 

Qeyd edək ki, Josep Vandellos idman sahəsində kifayət qədər tanınmış hüquqşünasdır. Xviça Kvaratsxeliyanın PSJ-yə keçidində də iştirak etmiş mütəxəssisdir. O, bir neçə il əvvəl "Osasuna"nın oxşar cəzayla bağlı işini udan hüquqşünas kimi tanınır. Böyük ehtimalla, "Turan Tovuz" məhz bu məqamı nəzərə alıb ona müraciət edib. 

Xəbər xətti