ÇSKA(Sofiya) klubunun sabiq futbolçusu, Azərbaycanda 5 ildən çox "İnter"in (indiki "Şamaxı") formasını geyinmiş Petar Zlatinov Sportal.az saytına müsahibə verib.
- "Qarabağ" bu gün Avropa Liqasının 2-ci təsnifat mərhələsi oyununda ÇSKA ilə qarşılaşacaq. Şansları necə dəyərləndirirsən?
- Qələbə qazanmaq üçün hər bir komandanın həmişə şansı var. Sadəcə rəqibdən daha yaxşı oynamaq lazımdır. Belə edəcəyin təqdirdə, qalib gəlirsən. Əks halda, qalibiyyət çətindir.
- "Qarabağ" son mövsümdə ölkə çempionu ola bilmədiyi üçün Avropa Liqasında iştirak edəcək. ÇSKA isə Bolqarıstan kubokunu qazanıb. Səncə, ÇSKA "Qarabağ" üçün ağır rəqibdir, yoxsa necə?
- ÇSKA uzun illərdir ki, avrokuboklarda oynamır. Bu mənada, onlar qələbə qazanmaq istəyir. ÇSKA avrokuboklarda yola davam etmək istəyir. Onların hədəfləri böyükdür. Ona görə də uğurlu çıxış etmək niyyətindədirlər.
- Əgər ÇSKA "Qarabağ"ı keçərsə, bunu sürpriz adlandırmaq olar? Bolqarıstanda insanlar nə düşünür?
- Bunun sürpriz olacağını düşünmürəm. ÇSKA olduqca güclü komandadır. Ola bilər ki, son vaxtlarda avrokuboklarda uğurlu olmayıblar. Amma onlar yaxşı komandadır. Rəqibdən daha yaxşı oynayaraq, qalib gəlməlidirlər. Nə ÇSKA-ya, nə də "Qarabağ"a asan olacaq.
- İki il əvvəl "Qarabağ" "Ludoqorets"i səfərdə 7:2 məğlub etmişdi. Bu məqam ÇSKA-ya psixoloji sarıdan təsir edə bilər?
- "Qarabağ"ın "Ludoqorets"ə 7:2 qalib gəlməsi ÇSKA-ya təsir etməyəcək. Çünki bunlar iki fərqli komandalardır. ÇSKA irəliləmək istəyirsə, bu haqda düşünməməlidir. "Qarabağ" da yaxşı komandadır. Onlar da qalib gəlmək istəyəcək. Ötən mövsüm Çempionlar Liqasında etdiklərinin təsadüf olmadığını göstərmək istəyəcəklər.
"Qarabağ" özünü çətin rəqib kimi təsdiqləyib. Ona görə də ÇSKA üçün rəqibi məğlub etmək asan olmayacaq. Düşünürəm ki, yaxşı oyun olacaq və güclü qalib gəlsin.
- Sofiyadakı cavab görüşündə stadionda olacaqsan? Oyuna canlı baxacaqsan?
- Çalışacam ki, oyunu stadiondan canlı izləyim. Ümidvaram ki, bunu etmək alınacaq. Çünki çox maraqlı görüşdür. Bakıda da, Sofiyada da maraqlı oyun olacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi
