Kiyev "Dinamo"su SSRİ dövründə də çox güclü komanda olub. Amma mənə 90-cı illərin "Dinamo"su daha yaxın, daha doğma gəlir. Valeriy Lobanovskinin komandasının Çempionlar Liqasındakı oyunlarını izləmək üçün ekran qarşısına keçib maraqla baxdığım günlər hələ də yaddaşımdan silinməyib. Hamı Şevçenkodan, Rebrovdan danışırdı. Mən isə Yuriy Kalitvintsevin oyununa heyran idim. Uğurların gizli qəhrəmanı idi o adam. Kalitvintsevin möhtəşəm ötürmələri, oyun aparmaq qabiliyyəti və digər keyfiyyətləri göz oxşayırdı.
İllər keçdi. "Dinamo" da qabıq dəyişdi, başqalaşdı. Belə də olmalıydı. Avropa futbolundakı inkişafla ayaqlaşmaq üçün onlar da legionerlər gətirməyə başladılar, böyük yatırımlar etdilər kluba. O vaxtdan bəri Lobanovskinin "Dinamo"su səviyyəsində komanda qura bilməsələr də, Avropanın ortababları arasında yer eləyə bilmişdilər özlərinə. Amma müharibə, məlum səbəblər. Onların "Qarabağ"la oyunlarına baxmaq ürək ağrısıydı mənimçün. "Dinamo"ya görə, elə "Qarabağ"a görə də...
Ötən gün "Qarabağ"a qarşı oynayan sanki "Dinamo" yox, klubun əvəzedici heyəti idi. Əksəriyyəti gənclərdən qurulmuş komanda əzəmətli günlərin miskin görüntüsü kimiydi. Bu mərhələni keçsələr belə, pley-offda "Tvente" ilə bacaracaq gücdə deyillər. Belə görünür ki, "Qarabağ"ın özü də hazırda Liqa mərhələsinə düşəcək potensialdan uzaqdır.
"Qarabağ" "Dinamo" ilə səfər matçında pis görünürdü. Optimal formada olsaydılar, belə rəqibi tək ayaqla udardılar. Lakin dünən meydanda nə etmək istədiyi anlaşılmayan "Qarabağ" izlədik. Ötürmələrdə tez-tez səhv edən, müdafiədən hücuma ağır çıxan, daha çox geriyə oynamağa meyil göstərən, son paslarda qeyri-dəqiq olan futbolçu yığını gördük. Dünənki "Qarabağ" komanda oyunundan çox uzaq idi.
Buna qədər 4 rəsmi oyuna çıxan komanda niyə belə ləng görsənsin, niyə bu qədər anlaşma problemi yaşasın ki... Kənardan konkret nə baş verdiyini demək çətindir. Amma qaydasında getməyən bir şeylərin olduğunu deməliyik. Yenilər uyğunlaşmayıb, başa düşdük. Axı köhnələr də o qədər yaxşı görünmür. Yəni bir nəfərin, iki nəfərin oyunu getməsə, bunu necəsə düzəltmək olar. Amma komanda olaraq belə zəif performans gösrtərmək düşünmək üçün əsasdır.
"Qarabağ" nəinki bu "Dinamo"nu keçmək gücündədir, hətta buna borcludur. Çünki "Dinamo"nun adından başqa heç nəyi qalmayıb. Sonrası müəmmalıdır. "Qarabağ" artırmasa, bu dəfə heç Konfrans Liqasının Liqa mərhələsinə də düşə bilməyəcəklər.
Emin Abbasov
saytlarin hazirlanmasi
