"Bakıda baş tutan ilk mərhələni təməl mərhələsi adlandırardım" MÜSAHİBƏ

Ramil Əliyev: "Komanda çempionata demək olar ki, hazırdır"
 
"Rəvan"ın baş məşqçisi Ramil Əliyev klubun rəsmi saytına müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- Yeni mövsümə hazırlıq prosesinin ikinci mərhələsi olan Sloveniya toplanışı artıq bitmək üzrədir. Komandanın hazırlığını ümumilkdə necə dəyərləndirirsiz?
- Bildiyiniz kimi, iyulun 15-dən hazırlığın ikinci mərhələsi çərçivəsində Sloveniyadayıq. Hərbçilər arasındakı dünya çempionatında çıxış edən futbolçularımız da bizimlə birgə bu ölkəyə gəlib. Yəni tam komanda şəklində hazırlığa məhz Sloveniyada başladıq. Toplanış bütövlükdə yaxşı keçdi. Baxmayaraq ki, yoldaşlıq oyunlarında qələbə qazana bilmədik. Amma son iki oyunda sərgilənən futbol bizi ümidləndirir. Plan üzrə bütün həyata keçirilməli olan işləri reallaşdırdıq.
 
- Mariborda komandanın hazırlıq keçməsi üçün yaradılan şəraitdən necə, razısız?
- Rəhbərliyə bizə yaxşı komanda qurmaq üçün hər cür şərait yaratdığına görə təşəkkürümü bildirirəm. Təlim-məşq toplanışı üçün lazım olan bütün işlər vaxtında görüldü, hər cür dəstək aldıq. Komanda yaxşı hazırlıq keçmək üçün tələb olunan hər şeylə təmin olunmuşdu.
 
- Təxminən iki həftə davam edən Sloveniya toplanışı qarşıdakı çempionatda komandaya nə verəcək?
- Bakıda baş tutan ilk mərhələni təməl mərhələsi adlandırardım. Biz fiziki hazırlığa çox fakir verdik. Komandanı yükləyirdik. İkinci mərhələdə isə əsas məqsəd oyun planında olan mənfi və müsbət tərəfləri aşkar edib çempionata daha yaxşı hazırlaşmaq idi. Hardasa 70-80 faiz istəyimizə nail olduq. Komanda çempionata demək olar ki, hazırdır.
 
- Bakıdakı ilk mərhələni də nəzərə alsaq, komandanın təxminən 1 aydır davam edən hazırlığını necə dəyərləndirmək olar? Komanda fikirləşdiyiniz bütün ideyaları hazırlıq dönəmində həyata keçirə bildi?
- Tam olaraq xeyr. Amma çempionat gedə-gedə biz bütün mənfi cəhətləri aradan qaldırmağa, daha yaxşı komanda qurmağa çalışacağıq.
 
- Komandanının ümumi durumunu necə qiymətləndirirsiz? Son 2 oyunla bağlı fikirlərinizə əsasən, ümumi durumun qənaətbəxş olduğunu söyləmək olar…
- Bu mərhələdə əslində fiziki yüklənmədən sonra komandanını mübariz və əzmkar keyfiyyətləri üzə çıxır. Əlbəttə, futbolçular da əlindən gələni edir. Son 2 oyun göstərdi ki, çempionat yaxınlaşdıqca kollektiv daha da yaxşı təsir bağışlayır.
 
- Ümumilikdə hazırlıq dönəmində 7 oyun keçirdik. Amma qələbə olmadı. Bunun səbəbi nədir və nəticələrə önəm verirsizmi?
- Nəticə oyunun statusundan asılı olamayaraq bizə hər görüşdə lazımdır. Amma yoldaşlıq oyunlarında daha çox eksperiment xarakterli heyətlərlə çıxış etdik. Yəni biz baxışa 10-dan çox futbolçu dəvət edib onlar arasından seçim etdik, bizə daha uyğun gələnləri, gələcəkdə bizə fayda verəcəyinə inandığımız oyunçuları komandada saxladıq. Biz transferlərə çox həssas yanaşırıq. Sadəcə, transfer xətrinə transfer etmirik. Bu oyunlar da seçim etməkdə bizə çox yardımçı oldu. Amma nəticə barədə eyni sözləri deyə bilmərəm. Digər tərəfdən də hər oyunda 5-6 dəyişiklik edib yaxşı nəticəyə ümid etmək də bir az düzgün deyil. Məqsədimiz heyəti komplektləşdirmək idi ki, məncə, bu baxımdan xeyli irəliləyiş var. Nəticələrə gəlincə isə onu demək istərdim ki, qışda da yoldaşlıq matçlarımızda nəticələr ürəkaçan deyildi. 4 oyundan yalnız əvəzedicilərimizi udmuşduq. Amma sonradan çempionatda yaxşı çıxış etdik. Qısası, yoxlama oyunlarına rəsmi matçlar üçün hazırlıq kimi yanaşdığımızdan nəticələr də ürəkaçan olmadı.
 
- Yeni transferlər boşluqları tam dolduracaq gücdədir?
- Tam da olmasa, müəyyən mövqeləri gücləndirmişik. Üstəlik, transfer çalışmalarımız davam edir. Biz axtarışdayıq. Bir-iki mövqeyə yeni oyunçu gətirməyimiz mümkündür.
 
- Bəs transfer çalışmaları nə vaxt yekunlaşacaq?
- İlk turun oyununa qədər bütün məsələlərin həllini tapacağına ümid edirəm. Düzdür, müəyyən qədər gecikmə olur. Amma keyfiyyətli futbolçunu transfer etmək heç vaxt gec deyil. Çempionatın gedişində məhz belə futbolçular fərq yaradır. Nəzərə alaq ki, turnir 36 turdan ibarət uzun marafon olacaq. Bizə də məhz tam mövsümə hazır olan keyfiyyətli futbolçular lazımdır.
 
- Avqustun əvvəlində növbəti mövsüm start götürür. Bütün parametrləri nəzərə aldıqda komanda çempionata nə dərəcədə hazırdır?
- Çempioanatın startına qədər tam hazır olmaq üçün bacardığımız qədər çalışdıq. Amma hazırkı mərhələdə bu o qədər də mümkün işə oxşamır. Çempionatın gedişində "artırmalı” olacağıq. Əlbəttə, mövsümə necə start götürməyimizdən də çox şey asılı olacaq. İlk oyuna kimi hələ 1 həftədən çox vaxtımız var və bu görüşə kimi tam hazır olmağa çalışacağıq.  
Tarix: 26 İyul [11:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio