"Qəbələ" üçün uğurlu rəqib

12:36 - 17 Avqust 2013

Bu rəqiblər heç vaxt kubokda üz-üzə gəlməyib
 
"Qəbələ” Premyer Liqanın III turunda - avqustun 19-da “Sumqayıt”la qarşılaşacaq.
 
Sportal.az klubun rəsmi saytına itinadən xəbər verir ki, bu matç komandalar arasında 5-ci qarşılaşma olacaq. “Gənclik şəhəri” təmsilçisi “qırmızı-qaralar” üçün ən uğurlu rəqiblərdən sayılır. Belə ki, “Qəbələ” bu rəqiblə əvvəlki oyunların hamısında istisnasız qələbələr qazanıb.
 
Sözügedən matçların hamısı çempionata təsadüf edib. Həm 2011/12, həm də 2012/13 mövsümünün təsnifat mərhələsində komandalar 2 dəfə üz-üzə gəlib. Heç vaxt kubokda üz-üzə gəlməyən rəqiblərin bütün görüşlərində 3 xalı “Qəbələ” əldə edib.
 
4 oyunda 4 müxtəlif hesab qeydə alınsa da, qalib dəyişməyib. Müxtəlif hesablı qələbələr qazanan “qırmızı-qaralar” bu matçlarda 10 top vurub və 3-nü buraxıb. Bu qarşılaşmaların birində qəbələlilər böyük hesabla da qalib gəlib.
 
3-cü dəfə “Sumqayıt”ın qonağı olacaq “Qəbələ” səfər oyunlarında minimal fərqlə qalib gəlir. 2 il əvvəl 2:1 hesabına sevinən qonaqlar ötən il 1 qolla 3 xal əldə etmişdi.

Xəbər xətti