Kazbek Tuayev Berti Foqtsun yalanını üzə çıxardı MÜSAHİBƏ

15:11 - 7 Sentyabr 2013

"10-12 xal toplamaq bizə nə verir ki?"
 
 
İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin Sportal.az-a müsahibəsi
 
 
- İsraillə oyundan nə gözləyirsiniz?
- Əlbəttə, yaxşı oyun. İsrail və Rusiya yığma komandalarına qarşı milli komandamızın ən azı 4 xal toplamasını istərdim. Kimin xoşuna gəlir, gəlsin. Xoşuma gəlmir özü bilər, mən belə istəyirəm. Millimiz bu işin öhdəsindən gəlib-gəlməyəcəyini bilmirəm. Düzdür, ola bilsin ki, bu peşəkarlıq deyil. Ancaq mən bir mütəxəssis kimi millimizin uğur qazanmasını gözləyirəm. 
 
- Bəs Şimali İrlandiyanı yaddan çıxarmısınız?
- Düzü, yadımdan çıxmışdı. O barədə heç düşünməmişdim. Əsas İsrallə Rusiyadan xal götürməsini istəyirəm. Ş.İrlandiyanın hesabında 6 xalı var. Pis olmaz ki, turnir cədvəlində onları qabaqlayaq.
 
- Ümumiyyətlə, milli komandanın göstərdiyi oyundan razısınız?
- Əgər sonuncu Malta ilə oyunu nəzərdə tutursansa, çox yaxşı oynadılar. İsrailə qarşı belə oynasalar, səfərdən xalla dönə bilərlər.
 
- Söhbət yoldaşlıq oyunundan yox, seçmə mərhələnin oyunlarından gedir.
- O başqa məsələ. Əgər millimiz 4 xal toplayıbsa, deməli nəticə yaxşı deyil. Ümumi oyunlara görə də millimiz seçmə mərhələnin oyunlarını elə də yaxşı keçirmədi. Ancaq hələ qarçıda 3 oyun var. 
 
-  Sizcə, milimiz seçmə mərhələdə daha çox xal toplaya bilməzdi?
- Əzizim mənim, 10-12 xal toplamaq bizə nə verir axı? Bu xallarla Dünya və Avropa çempionatlarının final mərhələsinə vəsiqə qazanırıq? Millinin hədəfi final mərhələsinə qazanmaqdır. Əgər biz bunu etmiriksə, 10-12 xal bizim nəyimizə lazımdır.
- Ən azından  daha çox xal toplamaq reytinqdə irəli getməyimizdir?
- Millimiz daha çox xal toplasa, 20-ci yerə yüksələcək.
 
- Digər tərəfdən də, komandamız 5-ci səbətdən yox, yuxarı səbətdə yer alıb nisbətən zəif rəqiblərlə qarşılaşar
- Mən belə fikirləşmirəm. 10-12 xal yığmaq komandamızın irəliləməsi demək deyil. Bununla yığma komandamız Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilmir. Reytinq deyirsinizsə, o da bizim üçün önəmli rol oynamır. Əsas komandamızın final mərhələlərinə vəsiqə qazanmasıdır.
 
- Əgər indiki halda millimiz final mərhələsinə vəsiqə qazanmaq gücündə deyilsə, onda Berti Foqts nəyə lazımdır?
- Hə, bax bu başqa məsələ. Bu sualı mənə deyil, federasiya rəsmilərinə verin. 
 
- Siz də, federasiyada İcraiyyə Komitəsinin üzvüsünüz. Niyə iradınızı bildirmirsiniz?
- Tək mənlə iş bitmir. Mən dəfələrlə həm mətbuatda, həm də iclaslarda öz sözümü demişəm. 
 
- Foqts mətbuat konfransında bildirib ki, İcraiyyə Komitəsi sonuncu iclasda Berti Foqtsa son üç oyunda 10 xal yığmasını tələb qoyub.
- Ola bilər ki, seçmə mərhələsinin əvvəlində belə söhbət olub. Amma sonuncu iclasda belə bir şey olmayıb. Yəqin ki, seçmə mərhələsi başa çatdıqdan sonra baş məşqçidən hesabat istəniləcək.
 
- Həmin iclasda siz öz iradınızı bildirəcəksiniz?
- Bu mənə aid məsələdir
 
- Əgər belə bir məsələ qalxsa, Foqts getsin yoxsa qalsın?. Siz nə deyəcəksiniz?
- O ki qaldı, onun baş məşqçilik postunda qalıb-qalmayacağı sorğusuna, o da mənim sirrimdir. onda yəqin siz də biləcəksiniz, mənim Foqtsla bağlı qərarım nə idi?
 
 
Yusif HÜSEYN

Xəbər xətti