"Superkuboku "Neftçi"dən alıb Lənkərana gətirəcəyik" MÜSAHİBƏ

00:02 - 18 Oktyabr 2013

Orxan Sadıqlı:"Mən ehtiyyat skamyasında oturmaq yox, oynamaq istəyirəm"
 
 
"Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlının Sportal.az-a müsahibəsi:
 
 
- İlk dövrəni necə dəyərləndirirsən? 
- İlk dövrə bizim üçün uğurlu olmadı. Yaxşı oynadıq, amma uğurlu nəticə qazana bilmədik. İndi yalnız "Simurq"la oyun haqqında fikirləşirik. Bu oyunda 3 xal toplayıb ikinci dövrəyə uğurlu start vermək istəyirik.
 
- Son oyunlarda səhvlərinlə yadda qalırsan...
- Heç kim istəməz səhv etsin. Amma mən də bilmirəm. Bu səhvlər artq geridə qaldı, artıq irəli baxmaq lazımdır.
 
- Bu səhvləri etməyinin səbəbi stadionun pis vəziyyətdə olmasını deyə bilərik?
- Stadionlar o qədər bərbad vəziyyətdədir ki, bu barədə danışmaq istəmirəm. "İnter"lə oyunda topu yerə vurdum ki, qayıtsın və rahat tutum. Ancaq top qalxmadı və rəqibin qabağına düşdü. Düzdür, bunların hamısı mənim səhvim idi.
 
- Yerini Duqlas Leyteyə vermişdin son oyunda, bu yeri  geri qaytara biləcəksənmi?
- Mən səhv etdim, baş məşqçi ona əsas heyətdə yer verdi. Mən indi çalışıram ki, əsas heyətdə yerimi qaytarım. Mən ehtiyyat skamyasında oturmaq istəmirəm, oynamaq istəyirəm. Bunun üçün də əlimdən gələni edəcəyəm.
 
- Oktyabrın 23-ü "Neftçi" ilə  Superkubok oyununuz var. Bu barədə nə deyə bilərsən?
- Bu oyunda yüz faiz qalib gəlməliyik. Əminəm ki, komanda yoldaşlarım da kuboku qazanmaq üçün meydanda əllərindən gələni edəcələr. Superkuboku "Neftçi"dən alıb Lənkərana gətirəcəyik.
 
- Superkuboku qazanacağınıza azarkeşlərə söz verirsən?
- Bəli. Mən də inanıram ki, onlar bizi Naxçıvanda da tək qoymayacaqlar
 
Yusif HÜSEYN

Xəbər xətti