Mesut Özil: "Zidan qədər xarizmatik futbolçu görməmişəm" MÜSAHİBƏ

16:18 - 10 Noyabr 2013

"Mən onun oyununun heyranı idim"

 

Dünya futbolunun ulduzlarından olan Mesut Özil “World Soccer” jurnalına müsahibə verib. Sportal.az sizin üçün maraqlı olacağını nəzərə alıb müəyyən ixtisarla “Arsenal”lı futbolçunun müsahibəsini tərcümə edib.

 

Xuan Ramon Rikelme və Uesli Sneyderə nisbətən daha gəncsən. Bu o deməkdir ki, əsas 10 nömrələrdən axırıncı qalanı sənsən? 

Siz demək istəyirsiz ki, pleymeyker kimi mən öz istedadımı daha yaxşı nümayiş etdirə bilirəm. Əslində mən futbola hücumçu kimi başlamışdım. Lakin zaman keçdikcə hiss etməyə başladım ki, bu, mənlik deyil. Çünki hücumçu kimi çıxış edəndə topla çox oynamaq imkanım olmurdu və mən geriyə çəkilərək topu qəbul etməyə meyl edirdim. Bunu görən məşqçilər mənə izah etdilər ki, mənim təklif etdiyim futbol daha çox 10 nömrəyə xasdır. Bu mövqedə çıxış edən ən parlaq futbolçu kimi Zinəddin Zidanı göstərə bilərəm. Mən onun oyununun heyranı idim. Onun driblinqləri, topa sahib olduğu məqamlarda soyuqqanlılığı... Meydançada Zidan qədər xarizmatik futbolçu görməmişəm.

 

Futbola olan sevgin nə vaxt yaranıb?

1998-ci il dünya çempionatında özüm üçün Zinəddin Zidanı kəşf etdim. O vaxtdan etibarən kompyuter oyunlarında ya “Real”ı, ya da Zidanlı Fransa yığmasını seçirdim. Onun meydanda hər hansı hərəkətini gördükdə, youtube-də həmin anı yenidən izləyirdim və daha sonra bu hərəkətləri təkrarlamağa çalışırdım. İndi də “meymun qəfəsi”nə gedəndə həmin anlar yenidən xəyalımda canlanır. Orada hansısa bir uşağın mənim adım yazılmış futbolkada oynadığını görəndə şad oluram.

 

Bizə “meymun qəfəs”i barədə biraz danış

Mən Helzenkirhendə böyümüşəm. Dərslərimiz adətən saat 2-də sona çatırdı və mən hər gün saat 8-ə qədər “meymun qəfəs”i adlanan yerdə futbol oynayardım. Bu, təxminən eni 5, uzunluğu isə 10 metr olan bir yer idi. Biz burada altı-altıya oynayardıq və məhz buna görə mən indi topu özümdə yaxşı saxlayıram. Kiçik yerdə oynadığımız üçün daha tez düşünməli, kreativ qərarlar verməli idik. “Meymun qəfəsi”ndə top heç vaxt çıxmırdı, hər tərəf bağlı idi və ona görə də, istirahət etməyə imkan yox idi. Mən dostlarımla birlikdə qardaşım və onun dostlarına qarşı oynayırdım. Onlar bizdən 5 yaş böyük idilər. Qəfəsdə oynayan uşaqlar arasında özünü Totti, Bekkenbauer adlandıranlar var idi. Mən Zidan idim.

 

Sesk Fabreqas bir dəfə demişdi ki, sən çox səhlənkar oyunçusan...

Mən bir şeyi deyə bilərəm ki, müasir futbolda müdafiə olunmağı bacarmalısan. Təbii ki, mənim meydanda sərbəstliyim var. Gah sağ, gah da sol cinaha gedirəm, geriyə çəkilib topu qəbul edirəm, irəliyə gedirəm. Bu gün 10 nömrə hücumameylli futbolçular hesab olnur. Ancaq heç vaxt oyundan qopmaq və komanda şəklində müdafiə işlərindən kənarda qalmaq olmaz. Keçmişdə pleymeyker sərbəst futbolçu sayılırdı və meydanda istədiyini edirdi. İndi futbol dəyişib və daha çox taktik şəkil alıb. 1970-ci illərin futboluna baxanda o zaman daha ehiyatsız oynayırdılar. Demirəm ki, o vaxt futbolçular zəif olublar. Ancaq indi o vaxtlarla nisbətdə futbolu komanda şəklində oynayırlar. Məhz taktika sayəsində kiçik klublar böyük klublara rəqabət göstərə bilirlər.

 

Hansı sistemdə oynamağı xoşlayırsan?

Mənim üçün heç bir fərqi yoxdur ki, komanda 4-4-2 və ya 4-2-3-1 sxemində çıxış edir. Çünki mənim mövqeyim üçün dəyişən bir şey yoxdur. Ancaq cinahlarda iki “vinger” və qarşımda bir hücumçu qərarlaşanda mənə daha rahatdır. “Real”da Kriştiano Ronaldo ilə yanaşı çıxış etmək mənə çox rahat idi. Dünyanın bir nömrəli futbolçusu olan Ronaldo mənim işimi çox yüngülləşdirirdi. Kərim Benzema ilə də oyunum yaxşı alınırdı. O, hara açılacağını və topu necə qəbul edəcəyini çox yaxşı bilirdi. Milli komandada isə bu baxımdan Marko Reuslə daha rahat anlaşıram.

 

Müsahibələrinin birində demişdin ki, “mən almanam, ancaq türk futbolu oynayıram”. Bununla nə demək istəyirdin?

Mən türkəsilliyəm. Ancaq eyni zamanda məndə alman nizam-intizamı var. İki millətin xüsusiyyətləri məndə yaxşı vəhdət yaradıb.    

Xəbər xətti