"Vaqif Sadıqovun istefası gündəmə gəlməyib, kimsə gətirib"

19:07 - 27 Noyabr 2013

Eldəniz Yusifov: "Çempionata uğurlu başlasaq da, son 9 oyundur ki, "qara zolağ"a düşmüşük"

 

"Vaqif Sadıqovun istefası gündəmə gəlməyib, kimsə gündəmə gətirmək istəyib.  Mətbuat bunu rəsmi mənbəyə əsaslanıb yazmır. Biz AZAL klubu adından bunu təkzib edirik, çempionat oyunları qabağı klubda çaxnaşma yaratmaq istəyənlərin bir həmləsi kimi qəbul edirik. Klub rəsmisi kimi bəyan edirəm ki, belə bir məsələ gündəmimizdə yoxdur,"

 

Bu sözləri Sportal.az-a açıqlamasında AZAL-ın mətbuat xıdmətinin rəhbəri Eldəniz Yusifov deyib. Yusifov belə məslənin rəhbərliyin gündəmində olmadığını vurğulayıb:

 

"Vaqif Sadıqov hal-hazırda öz komandasının başındadır, gündəlik fəaliyyəti ilə məşğuldur, klub rəhbərliyi ona daima dəstək olub və olacaq da. Biz birlikdə qarşıya qoyulan məqsədləri yerinə yetirmək istəyirik. Çempionata uğurlu başlasaq da, son 9 oyundur ki, "qara zolağ"a düşmüşük. Belə hallarla rastlaşmaq normaldır, belə götürəndə  digər klublarda belə hallarla rastlaşa bilir. Bu uğursuzluqlar və xal itirmələr Vaqif Sadıqov amili ilə bağlı deyil. Əsas səbəblərdən biri heyətdə zədəli futbolçuların olmasıdır, bir oyunda dörd futbolçu sarı vərəqə limitinə ilişdi, "Simurq"la oyundan sonra birgünlük fasilərlə üç futbolçumuz sıradan çıxdı. Komandada olan aparıcı futbolçuların oynamaması heyətlə bağlı problemləri olan komanda üçün əlavə problem yaratdı.

 

Artıq bu problem aradan qaldırılmaq üzrədir. İnanırıq ki, fasiləyə qədər itirdiyimiz xalları bərpa edə biləcəyik. Vaqif Sadıqov öz işini məsuliyyətlə görür. Mətbuatdan da xahiş edirik ki, belə məsələ haqqında yazanda rəsmi mənbəyə əsaslansın və bu məsələ gündəmdən çıxarılsın!".

Xəbər xətti