"AFFA yəqin ki, məndən arxayındı deyə çox da yaxın durmur" MÜSAHİBƏ

12:31 - 16 Dekabr 2013

Hafiz Məmmədov: "Mən Foqtsda eqoizmi bəyənmirəm"
 
"Bakı" Futbol Klubunun prezidenti Hafiz Məmmədov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən "Bakı" "Qarabağ" (2:1) matçından sonra jurnalistlərin suallarını cavablandırıb. 
 
- "Qarabağ"la oyunda komandamın qələbəsinə inanırdım. Ümumiyyətlə, mən bu komandaya güvənirəm. Amma bu, hələ Pantiçin komandası deyil. Onun komandası, onun metodikası tam fərqli olacaq. Bugünkü (dünənki - S.A.) oyuna tam baxa bilmədim. Birinci hissəyə televiziyadan baxdım, ilk qol vurulanda isə yoldaydım, stadiona gəlirdim. 
 
- Ümumiyyətlə, komandanın bugünkü vəziyyətindən razısınızmı? 
- Razıyam. Bilirsizmi niyə razıyam? Biz Rauf Əliyevi alanda çoxu deyirdi ki, neyləyirsiz onu? Buyurub baxsınlar, Rauf bu gün də əlinə düşən fürsəti boşa vermədi. Ondan başqa, Kamran, Əfran, Cavid kimi futbolçularımız var. Amma heyətdə elə futbolçular da var ki. "Bakı"ya uyğun deyil, getməlidi. Milinko Pantiçi gətirəndə də demişəm, biz metodika, həm də idarəçilikdə ispan modelini mənimsəmək istəyirik. Özünüz də görəcəksiz, strukturun yenidən formalaşdırılmasını başa çatdıraq, çox gözəl komandamız olacaq. 
 
- "Bakı"ya "Lans" və ya "Atletiko"dan futbolçuların keçidi nəzərdə tutulubmu? 
- "Lans"ın futbolçularının bir neçəsinin gəlmək istəyi var. Amma baxacağıq. "Bakı" qış təlim-məşq toplanışını İspaniyada keçirəcək. Məşqlərə "Atletiko"nun futbolçularının qoşulması, oyun keçirilməsi nəzərdə tutulub.  
 
- Bəs qışda "Bakı"ya ulduz futbolçunun alınması planlaşdırılırmı? 
- Ulduz futbolçu almaq problem deyil. Lap aldıq, gətirdik. Harda oynayacaq? Kiminlə oynayacaq? Biz öz bazarımızın qiymətini qaldırmalıyıq. Mən "Lans"ın futbolçularının qiymətləriylə maraqlanmışam, gülməli rəqəmlərdi. 200-300 minə oynayırlar. Amma Fransayla Azərbaycanın fərqi ondadı ki, məsələn, argentinalı futbolçu 300 minə Fransada oynamağa razılaşar, amma bura 1 milyona da gəlməz. "Lans"ın bugünkü heyəti döyüşkən futbolçulardan qurulub. Amma komanda yüksək dəstəyə çıxsa, bu heyət köklü şəkildə dəyişəcək, futbol oynayan oyunçular alınacaq. Biz çalışrıq ki, gənc azərbaycanlı futbolçularımızı, məşqçilərimizi ölkədən çıxaraq. Qoy gedib xaricdə oxusunlar, futbolun sirlərini öyrənsinlər. Burda isə bayaq da dediyim kimi, ispan modeli tətbiq edəcəyik. "Bakı"nın idarə heyətində Papen kimi dünya ulduzu da olacaq. Onun çox yaxşı təklifləri var. Hətta AFFA üçün də təklifər hazırlayıb. Məsələn, təklif edib ki, aşağı yaş qrupu üzrə komandaların oyunları da əsas komandaların oyun günü keçirilsin. Bizim "Atletiko"yla da razılaşmamız var, istənilən Azərbaycan vətəndaşı bu klubun ev oyunlarını stadionun VİP lojasından izləyə bilər. İkincisi, istənilən azərbaycanlı uşaq futbolçu oyun başlayanda sevdiyi "Atletiko"lu futbolçuyla əl-ələ tutub meydançaya çıxa bilər. "Lans"la da  bu tip razılaşmalarımız çoxdu. 
 
- Bugünlərdə Fransanın "Canal+" telekanalında efirə verilən verilişdə nüfuzunuza zərbə vurmağa çalışıldı. Bununla bağlı mövqeyiniz maraqlıdı. 
- Bir kanalın hazırladığını da gördüz, 40 minlik stadiondakı azarkeşlərin münasibətini də. Kanalın o niyyətinin arxasında erməni diasporu dayanır. Fransızın nəyinə lazımdı ki belə şeylər? Onlar məqsədli şəkildə göndərilmiş "killerlər" idi. 
 
- Bir neçə gündən sonra AFFA İcraiyyə Komitəsinin toplantısı keçiriləcək və Berti Foqtsun milli komandada qalıb-qalmamasını müzakirə edəcəksiz. Sizin şəxsi mövqeyiniz necədi bu mövzuda? 
- Mən qalmasını istəyirəm. Pisdi, bilirəm. Amma millətim düzəlməlidi, Berti Foqts yox. Mən Foqtsda eqoizmi bəyənmirəm - bəlkə də eqoist deyil, ancaq belə görürəm. Mən AFFA-da da demişəm, əks bir şey danışmaq istəmirəm. Ancaq elə şeylər var ki, onu deməliyik. Bizim xaricdə"Lans" və "Atletiko" kimi  iki dənə klubumuz var e, qardaş, niyə istifadə eləmirsiz?  
 
- Ümumiyyətlə, sizin "Atletiko" və "Lans"la əməkdaşlığınıza sanki AFFA tərəfindən biganəlik var... 
- AFFA bir yana, məni mətbuatımızın mövqeyi təəccübləndirir. Söhbət hamıdan getmir, təbii ki. Lap tutaq ki, digərləri paxıllıq edirlər, biganə yanaşırlar. Bəs jurnalistlər? Onlar niyə işıqlandırmırlar? Onlar da paxıllıq edirlər? Fransız jurnalist də verilişin axırında dönüb deyir, atasının adının verməyib ki, ölkəsinin adını verib də. Mən bu işləri özüm üçün etmirəm, qardaş. Ölkəm üçün, millətim üçün edirəm. AFFA isə yəqin ki, məndən arxayındı deyə çox da yaxın durmur. (gülür) 
 
- Bəlkə mətbuatda, ictimaiyyətdə AFFA prezidentliyinə namizədliyinizin müzakirə olunması assosiasiyadan kimdəsə qıcıq doğurur? 
- Xeyr. Bunu bir dəfə demişəm: nə vaxt Blatterin yerinə cənab Rövnəq Abdullayev getsə, mən də AFFA-nın prezidenti olacam. (gülür) Rövnəq müəllim çox yaxşı insandı. Bəli, futbol adamı olmaq... Ümumiyyətlə, mən sizə bir söz deyim, futbola dövlət qayğısı başqa şeydi. Cənab prezident qayğı göstərirsə, deməli, hamımız qayğı göstərməliyik. Mən AFFA-dan da, Gənclər və İdman Nazirliyindən də lazım olan dəstəyi alıram.  Bu gün 100 nəfər uşaq futbolçu istəyir "Atletiko". Bir o qədərini də "Lans" istəyir. Tapa bilmirik. Sizin vasitənizlə elan edirəm, varsa istedadlı uşaq, gətirin. Bütün xərcləri bizim boynumuza, aparaq xaricdə öyrənsin futbolu. Təhsili də bizlikdi. Hər iki klubla əməkdaşlığa bu kimi məsələləri də qatmışıq. Bunların hamısını millətimizin gələcəyi üçün edirik də, qardaş, özümüz üçün etmirik ki. Mənim 50 yaşım tamam olacaq, bu gün də bayrağımızı görəndə kövrəlirəm... 

Xəbər xətti