"Baş məşqçi dəyişiklikləri "Neftçi"ni çempionluqdan edə bilməz" MÜSAHİBƏ

15:40 - 10 Yanvar 2014

Hüseyn Məhəmmədov: "Platye təlim-məşq toplanışından sonra özünü doğruldacaq"
 
Milli komandamızın və "Neftçi"nin sabiq qapıçısı Hüseyn Məhəmmədovun Sportal.az-a müsahibəsi
 
- Nazim Süleymanovun istefa verməsi doğru addım idi?
- Şəxsən gözləmirdim. Səbəb nədən qaynaqlandı, bu barədə də məlumatım yoxdur. "Neftçi" hər zaman 1-ci yer üçün iddialı komanda olub. 
 
- Nazim Süleymanovun vaxtında "Neftçi" səndə necə təsir bağışlayıb?
- Süleymanovun vaxtında "Neftçi" həmişəki oyununu oynayırdı. Həmin çempion olmuş komandada elə də ciddi dəyişiklik yox idi.  Mən hesab edirəm ki, bu il də "Neftçi" çempionluğa layiq komandadır.
 
- Bəs "Neftçi"də nə çatışmır?
- Elə ciddi bir problem yoxdu komandada. Həmişəki kimi öz oyun üslubuna malik oyununu göstərir. Həmişə "Neftçi"də əzmkarlıq olub.  Hətta, son oyunlarda belə komanda çox istəkli futbol nümayiş etdirirdi. Bu gün də görürük ki, komandanın prezidenti Sadıq Sadıqov "Neftçi"dən çempionluq gözləyir.
 
- Baş məşqçi dəyişikliyi "Neftçi"nin xeyrinə işləyəcək, yoxsa ziyanına?
- Baş məşqçi dəyişiklikləri "Neftçi"ni çempionluqdan edə bilməz. Komandanın futbolçuları və rəhbərləri ancaq çempionluq haqda fikirləşir. 
 
- Qış fasiləsində "Neftçi"nin güclənməyə ehtiyacı var?
- "Neftçi"nin səviyyəli futbolçuları çoxdu. İnanmıram ki, komandada ciddi dəyişikliklər olsun. Flaqman görürük ki, Kanalesdən başqa  Avropa Liqasına çıxmış heyəti qoruya bilib.
 
- Kanalesin gedişindən sonra komanda hücumçu baxımından əziyyət çəkir. Yeni gələn Platye də özünü doğrulda bilmir...
- Bəli, Kanalesin gedişindən sonra komanda çətinlik yaşadı. Platye səviyyəli futbolçudur. Məncə o, təlim-məşq toplanışından sonra özünü doğruldacaq. Bilirsiniz, komandada yaxşı işlər görmək istəyirsinizsə, ilk öncə rəhbərlik yaxşı olmalıdır. Bu da, "Neftçi"də yüksək şəkildə qurulub.
 
- "Neftçi"yə gələn yeni məşqi komandanı toparlaya biləcək?
- Komandada məşqçi önəmli amildir. Böyükağa Hacıyev komandanı yaxşı tanıyır. Mənim fikrimcə, onun üçün işləmək daha yaxşı olacaq. Başqa məşqçinin gəlməsi isə bir az çətinlik yarada bilər. Oyunçuları kökləmək, hazırlamaq vaxt apara bilər. 
 
Şahin OĞUZ

Xəbər xətti