"Xəzər Lənkəran"la oyunda 15 dəqiqə gözlədik ki, rəqib nə etmək istəyir" MÜSAHİBƏ

17:08 - 22 Fevral 2014

Vüqar Mustafayev: "Onların olmaması komanda üçün ağır zərbədir"
 
"Bakı"nın gənc yarımmüdafiəçisi Vüqar Mustafayevin Sportal.az-a müsahibəsi:
 
- 8 oyundur məğlub olmayan “Xəzər Lənkəran”ı səfərdə büdrətdiniz...
- Biz rəqibin gücünə bələd idik, biz ora qələbə üçün getmişdik və lazım olan nəticəni əldə etdik.
 
- Bu oyunda baş məşqçi sizə xüsusi bir tapşırıq vermişdi ?
- Baş məşqçi onu tapşırmışdır ki, rəqibimiz güclüdür, sadəcə biz 15 dəqiqə gözlədik ki, rəqib nə etmək istəyir, bu müddətdə “Xəzər Lənkəran”ı meydanın bizə aid olan hissəsində qəbul etdik, amma 15 dəqiqədən sonra öz oyunumuzu oynamağa başladıq və lazım olan nəticəni qazandıq.
 
- “Bakı” üçüncü dövrədə 4 oyunun hamısında qalib gəlib. Bu qalibiyyətlərin sirri nədədir ?
- Sirri odur ki, üçüncü dövrəyə başlayanda qarşımıza məqsəd qoymuşuq ki, bu mövsüm çempion olacağıq, ən pis ehtimalla avroliqaya gedəcəyik. Biz də indi bu məqsəd üçün vuruşuruq. Başqa bir sirri yoxdur.
 
- Növbəti oyununuz səfərdə son həftələrin formada olan komandası “İnter”ə qarşıdır. Bu qarşılaşma haqqında nə deyə bilərsən ?
- Heyətimizdə Rauf Əliyev və Cavid Hüseynov kimi ciddi itkilərimiz var. Onların olmaması komanda üçün ağır zərbədir. Ancaq biz bu oyuna sırf qələbə üçün çıxırıq və bunun üçün də əlimizdən gələni edəcəyik.
 
- Heyətinizdə ciddi itkilər var. Bu oyunda bir xal da sizi qane etmir ?
- Yox, biz nəyimiz var, nəyimiz yox meydançada qoyacağıq , bizə lazım olan 3 xalı əldə edəcəyik. Yəni, bu oyunu heç-heçə edək və ya yola verək, belə bir şey komandada yoxdur.
 
- Komandanın digər gənc futbolçusu Vadim Abdullayevin zədələnməsindən sonra əsas heyətdə şans tapdın və özünü doğrultdun...
- Vadim Abdullayev zədə ucbatından oynamır , hələ də tam zədəsini sağaltmayıb. Şans verildi, mən də bu şansı doğrultdum. Əsas heyətdə oynamağım məni arxaynlaşdırmır və çalışıram ki, bu yerimi sona qədər qoruya bilim.
 
- Pantiçlə söhbətin olub? O, sənin oyunundan razıdır ?
- Pantiç elə bir məşqçidir ki, o cavanlara şans yaradır. Söhbətimiz olub, mənə deyib ki, səndən bir şey gözləmirəm, yəni komandanın yükünü tək daşıya bilməzsən, o, əsasən, daha təcrübəli futbolçulardan nəsə gözləyir. Həmçinin mənə bildirib ki, hələ gəncsən oynayıb daha da təcrübə yığmalısan. Təbii ki, oyundan qabaq mənə öz tapşırıqlarını bildirir, meydançada nə etməli olduğumu mənə bildirir.
 
- 21 yaşlılardan ibarət milliyə dəvət almağı gözləyirsən ?
- Hələ Moldovadakı təlim-məşq toplanışına yollanacaq futbolçuların siyahısı açıqlanmayıb, ancaq məndən bəzi sənədləri alıblar, yəqin ki, dəvət olunmuşam. İlk dəfə millinin heyətində yer alacam.
 
Yusif HÜSEYN

Xəbər xətti