"Foqts mənimlə hələ zarafat etməyib" MÜSAHİBƏ

15:19 - 6 Mart 2014

Mahmud Qurbanov: "Milliyə dəvət alan yeni futbolçular çalışdılar ki, verilən tapşırıqları yerinə yetirsin"
 
Milli komandamızın məşqçisi Mahmud Qurbanovun Sportal.az-a müsahibəsi
 
- Filippinlə oyunda milli komandamız necə təsir bağışladı?
- Ümumilikdə təlim-məşq toplanışı yaxşı keçdi. Komandamız 2014-cü ildə ilk rəsmi matçına çıxdı. Filippin üzərində qazanılan qələbə gələcək oyunlarımıza da təsir edə bilər. Bu oyunda baş məşqçi bir sıra eksprementlər apardı, əsasən də millidə yeni oyunçuları sınaqdan keçirtdi. Bu baxımdan milli komandamız normal oynadı.Milliyə dəvət alan yeni futbolçular çalışdılar ki, verilən tapşırıqları yerinə yetirsin. 
 
- Yeni gələn futbolçular özlərini doğrulda bildilər?
- Onların millidə ilk oyunları idi. Çalışdılar ki, üzərilərinə düşən tapşırıqları yerinə yetirsinlər. Artıq özlərini doğruldub-doğrultmayacağını baş məşqçi qərar verəcək. Berti Foqtsun hansı futbolçudan razı qalıb-qalmadığını deyə bilmərəm. 
 
- Oyundan sonra baş məşqçi oyun barəsində sizə heç nə demədi?
- Xeyr, oyundan sonra birbaşa hava limanına gəlib Bakıya yola düşdük. Ola bilsin ki, yaxın günlərdə millinin oyunu təhlil olunacaq və baş məşqçi öz sözünü deyəcək.
 
- Filippin yığması rəqib kimi necə təsir bağışladı?
- Onların oyunu haqda heç bir məlumatım yox idi. Ancaq gözləmədiyimizdən də daha yaxşı oynadılar. Hardasa müqavimət göstərdilər. Nə deyim, normal rəqibdi. 
 
- Berti Foqtsla çalışmaq çətin deyil?
- Əslində mən futbolçu olanda da onun rəhbərliyi altında oynamışam. Çox tələbkar və çılğın bir insandır. Düzdü, futbolçu ilə məşqçi arasında tam fərqli yanaşmalar var. Köməkçisi olaraq ondan çox yaxşı münasibət gördüm. Bir təcrübəli kimi mənə nəisə öyrətməyə çalışır. Açığı, onun yanında heç də sıxılmadım. Əslində o da köməkçilərə bir qədər rahat olmağı tapşırır. Özü də yeni məşqçi heyətini futbolçulara təqdim etdi və bizə uğurlar arzu etdi.
 
- Sizi futbolçular necə qarşıladı?
- Millidə oynayanların az hissəsi ilə də olsa da onlarla oynamışam. Onlarla münasibətim çox yaxşıdır. Cavanlar da "Kəpəz"də baş məşqçi olduğum dönəmdə məni tanıyırdılar. Ona görə də hamı müsbət qarşıladı. 
 
- Berti Foqtsdan nəsə götürə bilərsən?
- Hər bir insandan yaxşı cəhəti götürmək lazımdır. Berti Foqts da vaxtilə Almaniya, Şotlandiya kimi yığmalarda işləyib. Onun məşqçi kimi təcrübəsi böyükdür. çalışacağam ki, ondan nəsə öyrənib. Əslində, hər bir insan yaşadığı bir müddətdə həyatda nələrisə öyrənir. Məşqçilikdə ilk addımlarımı atıram. Hər halda millidə baş məşqçinin köməkçisi işləmək məsuliyyətli bir işdir. Bura gəlmişəm ki, gələcək karyeram üçün nəsə qurum. 
 
- Foqts zarafatı çox xoşlayır. Sizinlə necə, zarafatlaşırdı?
- Yox. Ola bilsin hələ millidə yeniyəm, aramızda elə münasibət formalaşmayıb. Hələ mənimlə zarafat etməyib. (gülür)
 
- Mayda millimizin ABŞ-la yoxlama görüşü var. Bu dəfəki rəqib barəsində nə deyə bilərsən?
- ABŞ-la oyunumuz səfərdə olacaq. Çox güclü rəqibdi. Dünya çempionatına yollanacaq komanda ilə oynamaq bizim üçün də xeyirli olacaq. Nə qədər belə rəqiblərlə oynasaq, onda yığmamızın güclü və zəif tərəfləri bilinəcək.
 
Şahin OĞUZ

Xəbər xətti