Tahir Süleymanov: "Mənimlə prinsip aparmaqdansa, gedib hakimlərə kəllə-yumruq vuranlarla məşğul olsunlar"

14:13 - 22 Aprel 2014

"Bəlkə, bu ölkədə də yaşamağa icazə verməsinlər?"
 
Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Həmin iclasda qərara alınıb ki, "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov ona qarşı kəsilən cəriməni ödməyənə qədər stadiona girişinə qadağa qoyulub.
 
Süleymanov iclasda alınan qərara Sportal.az vasitəsi ilə münasibət bildirib:
 
"Bəlkə, bu ölkədə də yaşamağa icazə verməsinlər? Çox absurd qərardır. Bunu bir-iki nəfərin mənə qarşı olan qərəzindən başqa heç nə hesab etmirəm. Mənimlə prinsip aparmaqdansa, gedib hakimlərə kəllə-yumruq vuranlarla məşğul olsunlar.
 
Rövnəq Abdullayevin rəhbərliyi altında Azərbaycan futbolunun inkişafı üçün böyük işlər görülür. Ancaq təəssüf ki, bəzi adamlar bu işə kölgə salırlar. Onlar iş görmək əvəzinə şəxsi prinsip aparmaqla məşğuldurlar. Biz demokratik ölkədə yaşayırıq və bu ölkədə belə qeyri-qanuni halların baş verməsi insanı məyus edir".
 
Məlumat üçün deyək ki, iclasda qərara alınıb ki, cərimə ödənilməyənə qədər Süleymanov stadiona buraxılmayacaq. Həmin məqama isə vitse-prezident belə aydınlıq gətirilib:
"Cərimə kluba kəsilib. Mən hesab edirəm ki, həmin cəriməni illərdir futbolu bilməyib AFFA-da işləyən, pul qazanan və şəxsi prinsiplərlə məşğul olanlar ödəsin".

Xəbər xətti