Gəncədə rekord qeydə alındı

12:51 - 17 Avqust 2015

Son 4 mövsüm üçün ən yüksək göstərici

 

Azərbaycan Premyer Liqasının II turunun "Kəpəz" – "Zirə" oyununda (1:1) yeni rekord qeydə alınıb.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Gəncədəki matçı 12500 tamaşaçı izləyib ki, bu da son 4 mövsüm üçün ən yüksək göstəricidir. Bu görüşədək mövsümün rekordu ilk turun “Xəzər Lənkəran” – “İnter” oyunu (2:0) idi – 7000. Bundan başqa, 2012/13, 2013/14 və 2014/15 mövsümlərində də belə yüksək rəqəmə təsadüf olunmamışdı.

 

Əvvəlki üç mövsümün rekordları Lənkəranda qeydə alınmışdı. Ötən çempionatda “Xəzər Lənkəran”  - “Sumqayıt” görüşünü 8500, 2013/14-də “Xəzər Lənkəran” – “Neftçi”, 2012/13-də “Xəzər Lənkəran” – “İnter” matçlarının hər ikisini 11000 tamaşaçı seyr etmişdi. “Kəpəz” – “Zirə” oyunu ilə müqayisədə daha çox seyrçi sonuncu dəfə 2011/12 mövsümünün sonlarında qeydə alınmışdı. 2012-ci il mayın 11-də “Xəzər Lənkəran” – “Qarabağ” matçını 13500 tamaşaçı izləmişdi. Lənkərandakı oyundan sonrakı 1192 günün rekordu Gəncədə reallaşıb.

Xəbər xətti