"Raulu milliyə məsləhət görərdim" MÜSAHİBƏ

01:02 - 12 Noyabr 2015

"Son qərarı millinin məşqçiləri verir"
 
Azərbaycan I Divizionunda “Bakı” klubu doğma meydanında “Turan Tovuz” komandasını 2:1 hesabı ilə məğlub edib.
 
Oyundan sonra “Bakı” klubunun məşqçisi Qəhraman Əliyev matçla bağlı fikirlərini sportal.az-ın əməkdaşı ilə bölüşüb:
 
 
- Komandanız əzmkar qələbə qazandı...
- Bu mövsüm ilk dəfə idi ki, yeni meydançamızda oynadıq. İlk hissədə çox zəif təsir bağışladıq. Həm də külək bizə mane olurdu. İkinci hissədə toparlandıq və hesabda geri düşdüyümüz matçdan qalib ayrıldıq.
 
- Növbəti oyunda çətin “Mil-Muğan” səfərinə yollanacaqsız...
- Ümumiyyətlə bütün görüşlər çətin olur. Hər bir oyun çətin keçir. Bir çoxları fikirləşirlər ki, I Divizionda oyunlar asan keçir. Amma bu belə deyil. “Mil-Muğan” mübariz komandadır. Oyuna ciddi hazırlaşacağıq.
 
- U-19 millimiz Ukrayna millisinə böyük hesabla məğlub oldu. Bu oyunla bağlı nə deyə bilərsiz?
-  Mən milli komandada çalışan məşqçilərin işinə qarışa bilmərəm. Nazim Süleymanova böyük hörmətim var. Məşqçilər korpusu bir çox oyunları stadiondan izləyirlər. Sadəcə millimiz həmin oyunda Ukraynaya qarşı çox zəif oynadı. Mən həmin oyunda bir neçə futbolçunun çıxışını heç bəyənmədim.
 
- Millinin 21 yaşlılardan ibarət heyətinə də “Bakı”dan heç bir futbolçu dəvət olunmadı... Nəzər alaq ki, “Bakı” I Divizionda aparıcı komandalardandı...
- Təbii ki, bu gün “Bakı”da millidə oynamağa layiq olan futbolçular var. Amma son qərarı millinin məşqçiləri verir.. Fikrimcə, komandamızın heyətində çıxış edən futbolçulardan milliyə faydalı ola biləcək oyunçularımız var. Bir daha söyləyirəm ki, son qərarı məşqçilər verir. Futbolçularımızın daha da yetişməsi üçün müəyyən qədər vaxt lazımdır.
 
 
- Hansı futbolçuları U-21 və U-19-a məsləhət görə bilərsiz?
- Müşviq İlyasov, Umar Akmurzayev və Raul Yaqubzadəni milliyə məsləhət görərdim. Raul qol vurmağı bacaran futbolçudur. Yusup Xakimovu da həmçinin. Çox istedadlı müdafiəçidir. 

Xəbər xətti