Zaur Axundov: "Azərbaycan naminə onunla yenidən dostlaşaram" MÜSAHİBƏ

"Başqa məşqçilər var ki, onları yığacam və biz danışacağıq"
 
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun “Qafqazinfo”ya müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- Milli komandamızın play-off oyunlarından danışaq. Dünya çempionatına vəsiqə qazandınız...
- Bu bizim hamımızın sevincidir. İlk dəfə Azərbaycan milli komandası dünya çempionatına vəsiqə qazandı. Birinci yerlə biz turniri başa vurduq. Təbii ki, məqsədimiz də o idi ki, birinci yerlə mərhələni adlayaq və pley-off-da zəif komandalarla üz-üzə gələk. Belə də oldu. Bu cür mötəbər turnirdə Azərbaycan bayrağını qaldırmaq, himnini səsləndirmək uğurdur. Kolumbiyaya qonaq kimi getməyəcəyik. Orda məqsədimiz, hədəfimiz olacaq. Minumum hədəfimiz qrupdan çıxıb 1/8 final mərhələsinə adlamaqdır. Azərbaycanı yüksək səviyyədə təmsil edəcəyik.
 
- Pley-off mərhələsindən əvvəl demişdiz ki, DÇ-nin final mərhələsinə vəsiqə qazanmaq sizin üçün böyük hədiyyə olacaq...
- 2008-ci ildən Azərbaycan Futzal Federasiyasının rəhbəriyəm. Bu müddətdə 4 dəfə Avropa Çempionatının final mərhələsində iştirak etmişik. İndi də dünya çempionatının final mərhələsinə vəsiqə qazandıq. Bu tək mənim deyil Azərbaycan futzalının uğurudur. AFFA rəhbərliyinin və respublikamızın sevincidir. Reytinq cədvəlində 10-cu, Avropa üzrə 7-ci pillədəyik. Fürsətdən istifadə edib uğurlarımızda əməyi olan hər kəsə təşəkkür edirəm. Bir neçə il öncə biz yenə dünya çempionatının bir addımlığında idik. Rusiyaya Bakıda uduzduq və səfərdə bərabərə qaldıq. Həmin vaxt da şansımız var idi. Amma qismət 2016-cı ilə imiş. Sevincimizi yavaş-yavaş unudub dünya çempionatı üçün hazırlıqlara başlayırıq. Yenə uğurlu çıxış edib reytinqdə 10-cu yerdə olmağımızın təsadüfü olmadığını sübut etmək istəyirik.
 
- Gündəmi dəyişən məsələ millimizi mundialın final mərhələsinə daşıyan Tino Peresin istefasıdır. Niyə bu mötəbər turnir öncəsi o getmək istədi?
- Yenə deyirəm ki, 3-4 ay öncə onunla bu barədə söhbətimiz olmuşdu. Həmin vaxt bunu ictimaiyyətə deyə bilməzdim. Çünki komanda Avropa Çempionatının final mərhələsinə hazırlaşırdı. O bildirmişdi ki, ailə məsələlərinə görə gedəcəm. Ailə məsələsi elə mövzudur ki, heç kim ona qarışa bilməz. Müqaviləsi aprelin 30-da bitəcək. Onunla 3-4 ay öncə danışanda demişdim ki, dünya çempionatının pley-off mərhələsindən sonra bu məsələyə qayıdacağıq. 3-4 gün əvvəl görüşdük və yenidən müzakirə apardıq. O, qəti bildirdi ki, bu məsələlərə görə vətənimə dönmək istəyirəm. Dedim ki, biz səninlə bu qədər uğurlar qazandıq və tarix yazdıq, qal, işlə. Yeni müqavilə imzalamaq istərdik. Peres ailə problemlərinin daha vacib olduğunu bildirdi.
 
- Maliyyə məsələlərində razılığa gəlmədiyiniz haqqında xəbərlər var və bildirilir ki, maaşının artırılmasını istəyib. Bu istəyi reallaşmayınca yeni müqavilədən imtina edib...
- Biz çox məşqçilərlə işləmişik. Dünyada və Avropada tanınmış bir neçə məşqçi burda olub. Bir adamla danışanda onun niyyətini anlamaq olur. Tino Pereslə 2 ildir ki, bir yerdə çalışırıq. Onunla maliyyə məsələlərində narazılığımız olmayıb. O, heç vaxt deməyib ki, maaşımı artırın. Bilirsiz ki, o bizdən əvvəl Moskva “Dinamo”sunun baş məşqçisi olub və həmin klubda Azərbaycandakından daha çox qazanıb. Onunla aramızda pul aid heç nə olmayıb. Bilirəm, bu söz-söhbətlər haradan qaynaqlanır. Onlara heç vaxt fikir vermirəm. Tino Peres özü də müsahibələr verib və bildirib ki, ailə problemlərim var. Qalmaq istəyirsə, müqavilə bağlamağa hazırıq.
 
- Əgər 1-2 ay sonra onun səsi İspaniyadan kənarda hər hansı komandadan gəlsə, təəccüblənərsiz?
- Bu futzaldır və heç kimin yerinə biz qərar çıxara bilmərik. Tino Peres olduqca təcrübəli məşqçidir. Mənim onunla dostluq münasibətlərim var. Daim hər şeyi müzakirə etmişik. Çünki onu Azərbaycana birbaşa mən dəvət eləmişəm. Bugünkü günə qədər də heç bir problemimiz olmayıb. O dedi ki, öncə istirahət etmək istəyir. O, peşəkar məşqçidir və çox işsiz qala bilməz. Əgər onu İspaniyadan kənarda hardasa görsəm, təəccüblənmərəm. Bu onun öz yoludur. Federasiya prezidenti kimi onun işindən çox razı qaldıq.
 
- Dünya çempionatı öncəsi baş məşqçi dəyişikliyi komandaya nə kimi problemlər yarada bilər?
- Görürsünüz ki, Peres gedən kimi bizə məşqçilər özləri işləmək üçün təklif göndərir. Kakau, Joze Alesio burda işləmək istəyir. Özümə də bir neçə təklif göndərib. Hər kəs Azərbaycan millisində işləmək istəyər. Biz heç kimə təklif göndərməmişik. Düzdür, bu dəyişikliyin komandadakı strategiyaya təsiri olacaq. Məsələn, Alessio deyib ki, Zaur Axundov məni Azərbaycan millisinə qaytarmaz. O, burdan sağollaşmamış getdi və qeyri-etik hərəkət etdi. Elə bil ki, sən evi təhvil verməmiş gedirsən. Onunla 5 ildən artıq çalışmışdıq. Mən sizə deyim ki, milli komandamızın uğurlu çıxışına görə Alessio ilə bir dəfə də dost olaram. Onu yenə bura çağıraram. Bilsəm ki, Kolumbiyada Alessio komandamıza uğur qazandırar, yenidən onunla münasibətləri yaxşılaşdıraram. Hətta gedib onu hava limanında özüm qarşılayaram. Təki bayrağımız ucalsın. Çempionatın finalına qədər himnimiz çalınsın. Bizim də öz yolumuz var. Seçimimizi edəcəyik.
 
- Namizədlər varmı? Kakaunun da Qazaxıstan millisi ilə müqaviləsi başa çatır və bildirib ki, Azərbaycanda sevə-sevə işləyərəm...
- O, güclü və təcrübəli məşqçidir. Qazaxıstan millisi ilə uğur qazanıb, “Kayrat”la Çempionlar Liqasında oynayıb. Biz heç ona təklif göndərməmişik. Özü belə bir ideya irəli sürüb. Onunla şəxsi münasibətlərimiz var. Bir Kakunun üzərində dayana bilmərik. 15-20 gün vaxtımız var və seçim edəcəyik. Klub başqa şeydir, milli komanda başqa. Burda məsuliyyət böyükdür. Namizədlər arasında 1 rus, 2 ispan məşqçi var. Kakunun özü ilə də danışacağıq, Alessio ilə də müzakirə aparacağıq. İstəyirik ki, seçimimizdə yanılmayaq.
 
- Konkret olaraq əcnəbi məşqçi axtarışındasınız?
- Bəli. AFFA rəhbərliyi ilə də danışıqlarımız olub. Düşünürük ki, məşqçimiz yenə əcnəbi olsun. Amma 2-ci məşqçi kimi azərbaycanlı işləyəcək. Elə bir adam istəyirik ki, sırf milli komandada çalışsın və əcnəbi mütəxəssisdən nəsə öyrənsin. Həmin azərbaycanlıya tələblər qoyulsun ki, təcrübəsini artırsın. Bundan öncəki məşqçilərin vaxtında klublarımızda çalışan məşqçilərə şifahi bildirmişdim ki, gəlsinlər, öyrənsinlər. Məşqlər hamı üçün açıqdır. Təəssüflər olsun ki, çox az məşqçilər bundan yararlanırdı və özlərini professor sayırdılar. İlqar Aslanov var, “Neftçi”nin məşqçisidir. O. Alessionun da, Peresin də vaxtında bütün məşqlərə gəlib baxırdı və nəsə öyrənirdi. Bu onun üçün böyük təcrübə idi. Dünyada sayılan məşqçilər bura gəlirdi. Onlardan yararlanmaq lazımdır. Mən özüm də əcnəbi məşqçilərə deyirdim ki, bizim yerli məşqçilərə məşqlərimizə buraxın. Buna baxmayaraq mən yalnız Allahverdi Bağırovla, İlqar Aslanovu orda görürdüm. Amma indi rəsmi olaraq bir nəfəri köməkçi məşqçi təyin edib təcrübəsinin artırılmasına kömək edəcəyik.
 
- Hollandiya ilə oyundan sonra karyerasını bitirən Rəcəb Fərəczadə ola bilərmi?
- Rəcəb üçün hələ tez olar. Karyeranı bitir və gəl 2 ay sonra məşqçi işlə. Bu düzgün olmaz. Bu, məsuliyyətli işdir və müəyyən qədər təcrübəli məşqçilərimiz var ki, o vəzifədə ola bilərlər. Başqa məşqçilər var ki, onları yığacam və biz danışacağıq. Bizim məqsədimiz milli komandanın inkişafıdır.
 
- Heyəti gücləndirəcəksiz?
- Heyətimizi gücləndirməyə ehtiyac var. Bunu çempionat bitməmiş açıqlamaq istəmirəm. Bizim kubok oyunlarımız da var. Güclənməyə böyük ehtiyacımız var. Siz görürsünüz ki, İsa Atayev, Ramiz Çovdarov kimi gəncləri komandaya çağırmışıq. “Neftçi”də 2 gənc futzalçı var ki, onları da dəvət etmişik. Klubdan xahiş etmişik ki, milliyə göndərsinlər. Biz komandanı birdən-birə dəyişə bilmərik. İldən-ilə belə inkişaf etsək, hər il 1-2 futzalçı çağırsaq, yaxşı olacaq. Bu proses belə gedir. Bilirəm ki, legionerlərlə bağlı sualı verəcəksiz. Bu sizin sevimli sualınızdır. Bu legioner məsələsi dünyada olan praktikadır. 150 milyon əhalisi olan Rusiyanın millisinin 7 üzvü legionerdir. İtaliyaya baxın, İspaniyaya baxın və hamısı bu üsuldan istifadə edir. O gün Bakıya gələn Hollandiyanın heyəti legionerlərdən ibarət idi. 4-5 il öncə 7-8 braziliyalı var idi. Qapıçımız da legioner idi. Amma indi Rövşən Hüseynli kimi gənc və perspektivli idmançımız var. Emin Kürdov ikinci qapıçımızdır. Bunlar birdən çıxmırlar. Rövşən həvəskarlar liqasında, birinci liqada çıxış edib. Bir günün içində dəyişə bilmərik. Məqsədimiz də odur ki, futzalçı yetişdirməklə yanaşı milli komandamıza da uğurlar qazandıraq. Çətinliklə bu yerlərə gəlmişik. Daha da irəli getmək istəyirik. Paralel olaraq işlər görürük. Burda qəbahətli heç nə yoxdur. Dünya praktikasında belə şeylər çoxdur. Təlim-məşq toplanışına 18 futzalçı çağırılır. Onlardan 5-i təcrübəli legionerlərdir. Qalan 13 futzalçı onların yanında təcrübə yığır və bu gələcəkdə öz bəhrəsini verəcək. Rövşən Hüseynli braziliyalı qapıçıdan çox şey öyrəndi. Millimizin 1 nömrəli qapıçısıdır. Ona həmişə deyirəm ki, bayrağımız sinəndə meydana çıxırsansa, sən hamıdan məsuliyyətli olmalısan.
 
- Legionerlərdə dəyişiklik olacaq?
- Yəqin ki, olacaq. Bəzi legionerlər var ki, nə qədər vaxt da versək, öz üzərlərində çalışmırlar. Onlar bizim tələblərimizi bilirlər. Əgər milli komandada kiməsə etimad göstərmişiksə, o, yüz faiz formasını ortaya qoymalıdır. 99,9 faiz də bizi qane etmir. Bacardığından artığını eləməlisən.
 
- Dünya çempionatında məqsəd nə olacaq?
- Məsuliyyətimiz böyükdür. İndi məşqçi axtarırıq. Amma əslində biz 4 aylıq plan yazıb, AFFA-ya verməliydik. Biz indi müəyyən qədər hazır olmalıydıq. Demək olar ki, indi sıfırdan başlayacağıq. Yeni məşqçi seçməliyik, müqavilə bağlamalıyıq, komandaya təqdim etməliyik. Məşqçinin də təkliflərini müzakirə etməliyik. İyunun 20-sindən təlim-məşq toplanışına başlamaq istəyirik. Vaxtında bu məsələləri həll etməliyik.
 
- Kakau açıqlamasında bildirmişdi ki, Tailandda turnir olacaq və Azərbaycan millisi də orda iştirak edəcək...
- Bizə təklif gəlməyib. Bu barədə heç nə oxumamışam. Təbii ki, yoldaşlıq görüşləri bizə lazım olacaq. AFFA bizə hər şəraiti yaradır. Püşkatmadan sonra rəqiblərimiz bilinəcək. Biz də istəyirik ki, mundialda iştirak edən komandalarla oynayaq. Mayın 19-dan sonra bu məsələyə aydınlıq gələcək. Bizim də nümayəndələrimiz püşkatmada olacaq. Qrupumuzdakı komandalarla olmaz. Püşkatma başa çatdıqdan sonra bizim nümayəndələr ordakı avropalı rəqiblərlə danışa bilərlər. Məsələn, mən çox istərdim ki, İranla oynayaq. Onların çox güclü komandaları var və bizə qonşu ölkədir. Çox yaxşı təcrübə olar.
 
- Tailanddakı turnir avqustda olacaq...
- Bu çətin olar. 8 saat Tailanda gedək və ordan gəlib Kolumbiyaya yollanaq. Avqusta olsa, razılıq verməcəyik. Kiyevdə, Moskvada, Bakıda mümkündür. Onlar özləri də istəyər ki, gəlsinlər Bakını, Azərbaycanı görsünlər. Tailand isə saat baxımından da problem olar. Hazırlıqlarımızı burda davam etdirəcəyik. Mətbuata da təşəkkür edirəm. Bizim oyunları yaxşı işıqlandırdız. Sizə görə bir xeyli azarkeş arenaya gəldi.
 
- Çempionatımız haqqında fikirlərinizi bildirərdiniz...
- Çempionatımız maraqlıdır. Gərgin keçir. Bu ildən istəyirik ki, 75-80 futzal komandası yaradaq. Aşağı liqaları da artıraq. Birinci liqada oyunlar əsas çempionatdan daha maraqlı keçir. Bu da bizim üçün yaxşıdır.
Tarix: 21 Aprel [20:25]
Oxunub: 549 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Yanvar 2017
24  Yanvar 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio