Tərlan Əhmədov: "AZAL hakimlər tərəfindən heç vaxt haqsızlığa uğramayıb"

"Hakimlər gərginlikdən paylarını alırlar"

 

“Bu mövsümdə çox çətinlik görmüşük, tənqidlərə hədəf olmuşuq. Amma heç vaxt təslim olmamışıq. Əksinə, bunlar bizi daha da birləşdirdi, komanda kimi formalaşdırdı”.

 

Sportal.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov klubun rəsmi saytına müsahibəsində deyib.

 

“Təyyarəçilər” Topaz Premyer Liqasının XXXI turunda “Rəvan”a gözlənilmədən məğlub olaraq (0:1), Avropa Liqasına vəsiqə yolunda önəmli zərbə alıb. Əhmədov bu yenilgini faciəyə çevirməyin tərəfdarı olmadığını bildirib: “Rəvan”la qarşılaşmada olanlar artıq bizim üçün maraqlı deyil. Bu oyunu unutmuşuq və qarşıdakı görüşlər haqda fikirləşirik. Mövsümün əvvəlində iddialı yerlər haqda fikirləşmirdik, elitada qalmağı qarşımıza məqsəd qoymuşduq. İndi isə mükafat qazanmaq şansını qaçıra biləcəyimizdən qorxuruq. Deməli, minimum vəzifə yerinə yetirilib. Ona görə də son məğlubiyyət geniş mənada faciəyə çevrilməməlidi. Avrokuboklar üçün hələ də şansımız var və hər şey öz əlimizdədi. Sona qədər mübarizə aparacağıq. AZAL-da çox sağlam kollektiv var və uğurlarımızın əsasında da bu amil dayanır. Bir sözlə, son oyundakı məğlubiyyət indiyə qədər görülən işlərə kölgə sala bilməz”.

 

45 yaşlı mütəxəssis əlavə edib ki, bu mövsüm onları ən çox narahat edən məsələ heyətdə zədəlilərin çox olmasıdı: “Zədə ağrılı yerimizdi. Mövsümün əvvəlindən etibarən tam heyətlə mübarizə apara bilmirik. Bu epidemiya bizdən əl çəkmir. Əvvəl kapitan Seymur Əsədov zədələnərək mövsümü erkən bitirdi. Daha sonra Taqim Novruzov sıradan çıxdı. Adan Koronado qış toplanışında ağır zədə aldı, hələ də özünə gələ bilmir. İndi də Kamal Mirzəyev sıradan çıxdı. Murad Səttarlının əzələsi dartılıb, ağrıları var. İlqar Ələkbərov belindəki ağrılardan əziyyət çəkir. Bu siyahı hər şeyi deyir”.

 

Əhmədov son turlarda kənar amillərinin təsirinin olmayacağına ümid etdiklərini bildirib: “Biz heç vaxt bədbinliyə qapılmamışıq. Hər dəfə ağır durumdan çıxmağı bacarırıq. Sabah da meydançaya mübariz heyətlə çıxacağıq. Bizdə hər bir futbolçu digərini layiqincə əvəzləməyə çalışır. Meydançaya çıxan tam gücü ilə oynayır. Bu səbəbdən ümidimizi üzmürük. Klub rəhbərliyini indiki məqamda bir şey maraqlandırır: kənar amillər nəticəyə təsir etməsin. İndi çempionatın həlledici vaxtlarıdı. Son turlarda mükafatçılar, Avrokubok iştirakçıları müəyyənləşir. AZAL rəhbərliyi və kollektivi ümid edir ki, komandaların mübarizəsinə kənar müdaxilələr olmayacaq. Son turlarda bəzi hakim səhvləri ciddi narazılıq doğurur. Söz-söhbətlər çoxalır, komandalar haqda arzuolunmaz fikirlər səslənilir. Nə bilim, filan komanda kuboku alacaq, filan komanda hansısa yeri tutacaq, kimsə kimə kömək edəcək. Bu da təbiidi. Ağır mövsüm sona çatmaqdadı. Komandalar kimi, hakimlər də istər-istəməz gərginlikdən paylarını alırlar. Onları da hardasa başa düşmək olar. Amma həlledici və tarixi əhəmiyyət daşıyan bu oyunlarda hakimlər çox diqqətli olmalıdırlar. İndiyə  qədər AZAL hakimlər tərəfindən heç vaxt haqsızlığa uğramayıb. Bir-iki oyunda neqativ hallarla üzləşmişik. Ümumilikdə isə biz onlardan narazı deyilik. İstəmirik ki, sabahkı oyunda da, qalan matçlarda da kiminsə kobud səhvi üzündən tarixi uğurumuzu əldən verək. Bax onda mövsümü boşa vermiş olarıq. Bu bizim AFFA və PFL-dən xahişimizdi”.

Tarix: 29 Aprel [16:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 May 2020
24  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio