Rəşad Sadıqov: "Əsl yükü çiynimizə indi aldıq" MÜSAHİBƏ

02:36 - 21 Oktyabr 2016

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov PAOK-a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

 

Sportal.az təcrübəli müdafiəçinin müsahibəsini təqdim edir:


- Bu qələbə ilə yükün böyük hissəsini çiyninizdən atdınız?
- Tam tərsi. Əsl yükü çiynimizə indi aldıq. Artıq şanslar bərabərləşdi. Növbəti oyunda PAOK-la səfərdə qarşılaşacağıq. Soyuqqanlı qalıb, növbəti oyunlara hazırlaşmalıyıq.

 

- "Qarabağ" ilk dəqiqələrdə inamsız çıxış edirdi...
- Aydın məsələdir ki, oyuna hazır deyildim. Komanda ilə birgə cəmi 1 gün məşq etmişdim. Heyətdə itkilərimiz var idi. Buna görə də Qurban müəllim oynamağımı istədi. Mən də əlimdən gələni etdim. 7-8 gün məşq etmirdim. Bilirdim hazır deyildim. Çox şükür ki, hər şey yaxşı qurtardı. 

 

- PAOK 2-ci hissədə zəif oynadı. Bunun səbəbi nə idi?
- Rəqib ilk hissədə çox pressinq tətbiq edirdi. Müdafiədən çıxmağımız alınmırdı. İkinci hissədə oyunumuz daha yaxşı alındı. Səbəbini bilmirəm. Bəlkə də PAOK yorulmuşdu və əvvəlki kimi pressinq edə bilmirdi. Əsas odur ki, qol buraxmadan qələbə qazandıq. Sonda şəxsi oyunlarda bu nəticə bizə kömək ola bilər. 

 

- PAOK-u artıq daha yaxından tanıyırsız. Səfər oyununda nə gözləmək olar?
- PAOK evdə fərqli oynayacaq. Onlar azarkeşləri önündə çıxış edəcəklər. Güclü dəstəyə arxalanacaqlar. Çox vacib oyuna çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, səfərdə sərfəli nəticə qazanaq. 

 

- PAOK Yunanıstan Super Liqasında “Olimpiakos”la görüşəcək. Oyunu izləmək fikriniz var?
- İmkan olsa, izləyəcəyəm. Amma bizim də derbi oyunumuz var. Artıq diqqətimizi “Neftçi” ilə oyuna yönəltməliyik. Əsas öz oyunumuzdur. 

 

- “Olimpiakos”un qələbəsi üçün dua edəcəksiniz?
- Xeyirlisi nədirsə, o da olsun. 

 

- Komanda tez-tez top itkilərinə yol verirdi. Bu, nədən irəli gəlirdi?
- Rəqib bizi yaxşı analiz edə bilmişdi. Topla oynamağımıza imkan vermirdilər. Buna görə risk etmirdik ki, rəqib bizi əks hücumlarda yaxalamasın. Uzun ötürmələrdən istifadə edirdik. Top itkisi hamımızda olurdu. Bu da normal haldı. 

 

- Oyuna bu qədər azarkeşin gələcəyini gözləyirdiniz?
- Gözləyirdim. Fürsətdən istifadə edib fanatlara minnətdarlığımı bildirirəm. Dünən deyirdilər ki, cəmi 7-8 min bilet satılıb. Lakin mən azarkeşlərin bizi yalnız qoymayacaqlarına inanırdım. Onlar hər zaman yanımızda olublar. 

 

- Stadiounun ot örtüyü necə idi?
- “Göteborq”la oyunla müqayisədə yaxşı idi.

Xəbər xətti