Bazar olsun və ya "Neftçi"ni yığırlar, yoxsa dağıdırlar?

13:39 - 6 Yanvar 2017

Son iki ildə “Neftçi”ni nə hala salmadılar ki? Rəzil günə qoydular ölkənin ən köklü klubunu, autsayderə çevirdilər. Düşünməyin ki, bu durum klubu idarə eləyənlərin əhvalını korlayıb. Yox, “Neftçi”də üzlər həmişə gülüb, bu gün də gülür. Çünki bazar var. Əvvəlki rəhbərlik o qədər pulu dağıtdı, biri altına “Lexus” qoyub getdi, o birisi yeni mənzil aldı. Kimi məşhər ayağına çəkdilər? Heç kimi!

 

“Neftçi”ni yığırlar, yoxsa dağıdırlar? Bu suala hərənin bir cavabı olacaq indi. Ən dolğun cavab isə mövsümün sonunda gələcək. Fakt odur ki, ölkənin ən güclü futbolçularından biri olan Araz Abdullayevi əldən buraxmaq axmaqlıqdan başqa bir şey deyildi. “Neftçi”yə hər gün biri gəlir, biri gedir. Heç kim də zəmanət verə bilməz ki, yeni gətirilən futbolçular gedənlərdən daha yaxşı olacaq. Amma əsas odur ki, bazar var.

 

Fərq ondadır ki, ötən transfer pəncərəsində başqa menecerlərə pul qazanmaq üçün şərait yaradılırdı, indi də başqalarına. Sonrası artıq o qədər də önəmli deyil. İşlər yaxşı getsə lap əla, getməsə də qorxulu deyil. Əsas odur ki, bazar var. İndiki dönəmdə ən vacib olanı imkan daxilində çox futbolçu yola salıb, çox futbolçu da gətirməkdi. Nə qədər çox transfer varsa, ortada bir o qədər də çox qazanc var bəziləri üçün.

 

Heç bir normal klubda qış dönəmində aktiv transfer fəaliyyəti həyata keçirilmir. Çünki futbolda az qala diletantlar da bilir ki, qışda boşda olan yaxşı futbolçu tapmaq olmur. Amma “Neftçi”nin indiki rəhbərliyi üçün bunun o qədər də fərqi yoxdur. Əvvəlkilər necə, indikilər də elə. Əsas odur ki, bazar olsun! Mövsümün sonunda “Neftçi” avrokuboklardan kənar qalsa, Çingiz Adbullayev yenə bütün məsuliyyəti idarəçilərin üzərinə atacaq. Kluba yeniləri gələcək və yeni transfer pəncərəsini gözləyəcək. Bazar olsun! 

 

SPORTAL.AZ

Xəbər xətti