Ayxan Abbasov: "Heç kim komandaya kortəbii şəkildə gəlməyib" MÜSAHİBƏ

13:47 - 23 Fevral 2017

"Zirə"nin baş məşqçisi Ayxan Abbasov Sportal.az saytına müsahibə verib.

 

-    “Zirə”nin qış fasiləsindən sonrakı çıxışı sizi qane edir?
-    Əlbəttə, qane edir. Belə başlamaq bizə lazım idi. Futbolçularla da söhbətimiz olmuşdu ki, özünəinam hissini geri qaytarmaq vacibdir. Oyunçuların meydanda istəkli oynadıqları görünür. Komandanın bugünkü çıxışı məni qane edir. Amma hər şey mükəmməl də deyil. Çalışacağıq ki, oyundan-oyuna daha yaxşı çıxış edək.

 

-    Komandaya yeni cəlb edilən futbolçuların çıxışı haqda nə deyə bilərsiz? Etimadınızı doğrultamayan var?

-    Bu futbolçuları bəyənib gətirmişik. Potensiallarına bələdik. Heç kim komandaya kortəbii şəkildə dəvət edilməyib. Qışda oyunçu tapmaq da çətindi. Əlbəttə, fiziki cəhətdən tam hazır deyillər. Çünki qış toplanışında bizimlə deyildilər. Amma son məşqlərdə görürəm ki, yavaş-yavaş özlərinə gəlirlər. Narazı deyiləm. Onları bəyənmişik və komandamıza uyğundurlar.

 

-    Son iki qarşılaşmada Nurlan Novruzov oyuna ehtiyatdan daxil oldu. Nurlan əsas heyətdə yerini itirib?

-    Hazırda komandada sağlam rəqabət gedir.  Nurlan Novruzova çox inanırıq. O, mənim ən güvəndiyim futbolçulardan biridir. Qış fasiləsindən sonra 3 tur start heyətdə yer aldı. “Qarabağ”la  oyunda istədiyim oyunu sərgiləmədi və istər-istəməz növbəti oyunda matça sonradan daxil olmalı oldu. 

 

-    Cavid Tağıyev də “Zirə”də az şans qazanır...

-    Hamısı ilə fərdi söhbət etmişəm. Cavidə də inanıram. Amma meydanda 11 futbolçuya şans verilir. Amma məşqlərdə  görünür ki, hamı çalışır. Sağlam rəqabət gedir. Növbəti oyunlarda hər birinə şans verilə bilər.

 

-    Son iki oyunda iki xal qazandız. Qələbə üçün nə çatmadı?

-    Mən son üç oyunu götürərdim. İlk 3-lükdə qərarlaşan komandalara qarşı oynadıq. “Qarabağ”, “Qəbələ” və “İnter” bizdən yuxarı pillədə qərarlaşıb. Nəzərə alsaq, rəqiblərimizin oturuşmuş heyətləri var. “Qarabağ”a uduzsaq da, oyunçular yaxşı mübarizə aparmışdı. Düzdü, həmin oyunda hücum xətti zəif təsir bağışladı. “Qəbələ” və “İnter”lə oyunlarda hücum xəttimiz istənilən effekti vermədi. Buna baxmayaraq, oyuçularımız əzmkar mübarizə aparırlar.

 

-    Qarşıda 4-cü pillə uğrunda mübarizədə əsas rəqibiniz olan “Sumqayıt”dır. Nəzərə alaq ki, bu mövsüm “Sumqayıt”a hər iki oyunda məğlub olmusuz. Rəqibdən çəkinirsiz?

-    Onu deyim ki, “Sumqayıt” yaxşı komandadır. Samir Abasovun işi göz qabağındadır.Heyətə baxanda görünür ki, gənc oyunularla işləməyi sevir və onlara güvənir. Gənc futbolçular da etimadları doğruldurlar. Bu, ümumilikdə Azərbaycan futbolu üçün sevindirici haldır. Ən çətin rəqiblərimizdən birinə qarşı oynayacağıq. Düzdü, rəqibimizə qarşı keçirdiyimiz hər iki oyunu uduzmuşuq. Amma çempionatda heç bir rəqibdən qorxmuruq, hamısına hörmətlə yanaşırıq. Oyuna ciddi hazırlaşırıq. “Neftçi” ilə oyuna qədər 6 oyun idi ki, uduzmurdular. Son matçda da qalib gəldilər. Bu, o deməkdir ki, çempionatın ən formada olan komandasına qarşı oynayacağıq. Futbolçularım oyunun məsuliyyətini yaxşı dərk etməlidir. Çünki bizi ciddi matç gözləyir.


-    “Zirə” ötən il gümüş medal qazandı. Bu mövsüm komanda ilk “üçlüy”ə düşə bilərmi?
-    Keçən il rəqiblərimizdən üstün olmuşduq. Bu mövsüm bir az fərqli oldu. Həmin uğur tarixdə qaldı. İlk iki yer uğrunda mübarizə haqda danışsaq, real görünmür. “Qarabağ” və “Qəbələ” ilə rəqabət aparmaq çox çətindir. “İnter”lə aramızda 10 xal fərq var. 4-cü yerə isə “Sumqayıt”, “Kəpəz” və “Neftçi” də göz dikib. Çempionatın son turuna qədər bu yer uğrunda mübarizə gedəcək. Mən hətt AZAL-ı da qeyd edərdim. Düzdür, son oyunlarda uduzublar, amma görürük ki, oyunbaxımından yaxşı çıxış edirlər.

 

-    Migel Lorenso “Zirə”də icarə əsasında çıxış edir. Mövsümün sonunda portuqaliyalı müdafiəçi ilə bağlı nə qərar veriləck?

-    Gələn mövsüm haqda düşünmürük. Migel müqavilə ilə “Vitoriya”ya məxsusdur və klubu ilə müqaviləsi var. Son oyunlarda futbolçunun özünü necə göstərməsi də vacib məsələdir. Əgər özünü yaxşı tərəfdən götərməyə davam etsə, niyə də onu komandada saxlamayaq?

 

-    Anar Nəzirovun “Sumqayıt”la oyunda olmaması sizi narahat etmir?

-    Xeyr, çünki təcrübəli Kamal Bayramov kimi qolkiperimiz var. Ötən il də Anar zədələnəndə kritik matçlarda çərçivə Kamala həvalə edilmişdi. Bu gün kimsə zədə alanda və cəzalananda onu əvəzləyəcək futbolçularımız var. Bu baxımdan narahat deyiləm.

Xəbər xətti