Zirədə 6 xallıq oyun, liderlərdən kim xal itirəcək?

12:17 - 27 Fevral 2017

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start veriləcək.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə 2 matç baş tutacaq.

 

Turun start fiti Şüvəlanda səslənəcək. AZAL “Neftçi”ni qəbul edəcək. Turnir cədvəlinin zirzəmisdən qurtulmaq üçün çalışan “təyyarəçilər” “Neftçi”ni məğlub etməlidir. Yeni transferlərlə güclənən AZAL qələbə sayəsində qış fasiləsindən sonra ilk 3 xalını əldə niyyətindədir. “Neftçi” isə ötən tur “Kəpəz”i məğlub edə bilmədiyi üçün AZAL-a mütləq qalib gəlməlidir. İlk “dördlük” uğrunda mübarizə aparan “ağ-qaralar” avorkuboklar üçün iddiasını davam etdirmək üçün qalib gəlməlidir.

 

Statistika: Son iki matçda qonaq komanda qələbə qazanıb. “Neftçi” son 5 səfər oyunundan qolsuz dönməyib.
AZAL - Neftçi: 32 oyun, 8 qələbə, 9 heç-heçə, 15 məğlubiyyət, top fərqi 27-50.

 

 

Günün digər oyunu Zirədə keçiriləcək. “Zirə” doğma meydanında “Sumqayıt” qəbul edəcək. 4-cü pillə uğrunda mübarizə aparan kollektivlərin duelini 6 xallıq oyun da adlandırmaq olar. Meydan sahibləri qalib gəlsə, 4-cü pilləni ələ keçirəcək. “Neftçi”, Kəpəz” və “Zirə”nin nəfəsini hiss edən “Sumqayıt” isə mövqeyini əldən verməmək üçün məğlub olmamalıdır. Samir Abasovun yetirmələri qalib gələcəyi təqdirdə, 4-cü pilləni daha da möhkəmləndirəcək. Nəzərə alaq ki, “Sumqayıt” “qartallar”ı bu mövsüm hər iki oyunda məğlub edib.

 

Statistika: Son 3 oyunda 1 qol qeydə alınıb. Sumqayıtın eyniadlı komandası ardıcıl 2 dəfə qalib gəlib. 
Zirə - Sumqayıt: 6 oyun, 3 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət, top fərqi 6-4.

 

 

İkinci oyun günün ilk matçı Gəncədə baş tutacaq. Ötən tur liderliyi ələ keçirən “Qəbələ” “Kəpəz”in qonağı olacaq. Ötən tur “Neftçi” ilə matçda heç-heçə edərək özünəinam hissi qaytaran “Kəpəz” uğurun davamını gətirmək niyyətindədir. “Qırmızı-qaralar” isə liderliyini davam etdirmək üçün qalib gəlməlidir. 

 

Statistika: “Qəbələ” ardıcıl 3 qələbə qazanıb. 10 görüşdü heç-heçə qeydə alınmır. “Kəpəz” 7 ev oyununda yalnız 1 dəfə uduzub.
Kəpəz - Qəbələ: 14 oyun, 4 qələbə, 4 heç-heçə, 6 məğlubiyyət, top fərqi 11-14.

 

 

Turun son görüşü Suraxanıda baş tutacaq. “Qarabağ” “İnter”i qəbul edəcək. Ötən tur “Qəbələ”yə səfərdə uduzan Ağdam təmsilçisi bu yenilgini unutdurmaq üçün meydana çıxacaq. Qurban Qurbanovun yetirmələri liderliyi yenidən ələ keçirmək istəyirsə, qalib gəlməlidir. Təbii ki, bunun üçün “Qəbələ” Gəncə səfərində xal itirməlidir. “İnter” isə bu mövsüm məğlub olmadığı rəqibi növbəti dəfə büdrətməyə çalışacaq. 

 

Statistika: Rəqiblər 50-ci - yubiley oyununda üz-üzə gələcək. Son 5 matçda meydan sahibi komanda uduzmayıb. Ardıcıl 15 dəfə səfərdə qalib gəlməyən “İnter” 5 oyundu rəqib meydanında qol vura bilmir.
Qarabağ - İnter: 49 oyun, 21 qələbə, 17 heç-heçə, 11 məğlubiyyət, top fərqi 54-31.

 

Xəbər xətti