"Zirə"nin legioneri: "Bəzi ölkələrdə futbola bu qədər sevgi yoxdur" MÜSAHİBƏ

11:44 - 28 Fevral 2017

Azərbaycan Premyer Liqasının 20-ci turunda evdə "Sumqayıt"a qalib gələn (1:0) "Zirə"nin hücumçusu Riçard Qadze oyundan sonra Sportal.az saytının suallarını cavablandırıb.

 

Matçda komandasının yeganə qoluna imza atan Qadze öncə oyunla bağlı fikirlərini bildirib: 

 

- “Zirə”də 2-ci qolunuzu vurdunuz. Təbrik edirik…
- Çox sağ olun, təşəkkür edirəm. “Zirə”də xoşbəxtəm, hər şey istədiyim kimi gedir. Matç barədə də fikirlərim müsbətdir. Oyunda çox çalışdıq. Rəqiblə qonşu pillədə idik, çox ciddi hazırlaşmışdıq. Həftə ərzində gərgin məşqlərimiz olmuşdu və bu, öz nəticəsini verdi.

 

- Qol vuracağınızı gözləyirdiniz?
- Əgər hücumçusansa, ilk vəzifən qol vurmaqdır. Qarşılaşmadan əvvəl də fərqlənəcəyimə inanırdım. Sevinirəm ki, bunu bacara bildim.

 

- Azərbaycan futboluna tam adaptasiya olduğunuzu söyləmək olar?
- Düşünürəm ki, peşəkar bir futbolçu hara gedirsə-getsin, özünü evindəki kimi hiss etməlidir. Azərbaycanda özümü rahat hiss edirəm. “Zirə”də çox xoşbəxtəm. Məni burda hər şey qane edir. Ona görə də, uyğunlaşma tez alınır.

 

- “Zirə” azarkeşlərinin sevimlisi Nelson Bonilya idi. Bu gedişlə onun yerini tuta biləcəksiz?
- Buna mən qərar verə bilmərəm. Azarkeşlərin sevimlisinə çevrilmək hər bir hücumçunun arzusudur. Rəğbət bəslənilən hücumçu olmaq yaxşı şeydir. Əlimdən gələnin daha artıq edəcəyimi fanatlara söz verirəm. Ancaq favorit oyunçunun kimliyinə azarkeşlər özləri qərar verəcək. 

 

- Artıq bir sıra klublara qarşı oynamısan. Hansı daha təhlükləli komandadır? Azərbaycanda çempionluğa hansı komandanı favorit görürəsən?
- Düşünürəm ki, “Qarabağ” və “İnter” çempionluğa daha iddialıdır. Mən bu komandaların adını çəkərdim. Azərbaycan Premyer Liqasında rəqabət çox güclüdür.

 

- Çempionatımızın səviyyəsi düşündüyünüzdən yüksədir, yoxsa daha aşağı?
- Bir daha söyləyirəm ki, Premyer Liqada rəqabət çox güclüdür. Klubların heyətində yüksək keyfiyyətlərə malik futbolçular var. Azərbaycanda futbol sevilir. Bəzi ölkələrdə futbola heç bu qədər sevgi yoxdur. Amma burada bəzi klublarda çox yaxşı futbolçular var.

Xəbər xətti