Yunis Hüseynov "Qarabağ"ın şanslarını dəyərləndirdi: "Səfərdəki oyunda daha ciddi olmaq lazımdır"

18:04 - 17 Avqust 2017

Azərbaycanın əməkdar məşqçisi Yunis Hüseynov Sportal.az saytına açıqlama verib.

 

Mütəxəssis "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Danimarkanın "Kopenhagen" klubuna 1:0 hesabı ilə qalib gəldiyi oyun barədə danışıb. Onun sözlərinə görə, Ağdam təmsilçisi layiqli qalibiyyət əldə edib:

 

“Qarabağ” “Kopenhagen”ə qarşı yaxşı çıxış etdi. Çempionlar Liqasında futbolçunun motivasiyası yüksək olur. “Qarabağ”ın da oyunçularında bu hiss edilirdi. Azarkeşlər də 90 dəqiqə komandanı dəstəklədilər və bu da qələbədə kömək oldu. “Qarabağ” bu oyunda layiqli qalib gəldi”.

 

Hüseynov şansların bərabər olduğunu bildirib: “Şanslar 50-50-dir. Demək olmaz ki, hansısa komanda açıq-aşkar üstün tərəfdi. Səfərdəki oyunda daha ciddi olmaq lazımdır. “Kopenhagen” qalib gəlmək üçün alışıb-yanacaq. Ancaq “Qarabağ” bir qol vursa, oyunun taleyini demək olar ki, həll edəcək. “Qarabağ”a ancaq və ancaq uğurlar arzu edirəm”.

 

Qeyd edək ki, avqustun 23-də Danimarkanın paytaxtında keçiriləcək "Kopenhagen" və "Qarabağ"ın cavab matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Xəbər xətti