Tarik Elyunussi: "Etiraf edirəm ki, yalan danışmışam" MÜSAHİBƏ

"Qarabağ"ın yeni transferi Tarik Elyunussi  "Kəpəz"lə matçdan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az Norveç millisinin üzvünün müsahibəsini təqdim edir:

 

- Azərbaycan Premyer Liqasında debüt matçınız haqqında danışardız. Gözlədiyiniz nə idi, nələr gördüz?
- Gözləntilərim başqa idi, lakin oyuna az azarkeş gəlməsini böyük problem hesab etmirəm. Bizim işimiz futbol oynamaq, qələbə qazanmaqdı. Təbii ki, az azarkeş olmasına üzülürəm. Biz yaxşı nəticələr qazandıqca, stadionda azarkeşlərin sayı da artacaq.

 

- Azərbaycanda və "Qarabağ"da şəxsi hədəfiniz nədir?
- Mənim hədəfim komandaya qələbə qazanmaqda kömək etməkdir. Komanda oyunçusuyam. Biz komanda şəklində birlikdə mübarizə aparanda bu mənə daha xoş gəlir. Təbii ki, qollar vurmaq və məhsuldar ötürmələr vermək istəyirəm. Lakin bu, bonusdur. Amma bundan öncə nəticədir. “Qarabağ”la ölkə çempionluğunu qazanmaq istəyirəm. Bununla yanaşı, Çempionlar Liqasında bütün gücümü qoymağı və böyük təcrübə əldə etməyi hədəfləyirəm.

 

- Bu günə qədər Azərbaycan futbolu barədə nə bilirdiniz? Gözlədiklərinizlə qarşılaşdız?
- İndiyə qədər burada iki dəfə olmuşdum. Şəhəri çox bəyənmişəm və futbolunuz barədə də xəbərim var. “Qarabağ” haqda da eşitmişəm. Çünki bu komanda Avropa Liqasında keçmiş komandam Norveç “Rusenborq”una qarşı iki dəfə oynayıb. Düzdür, həmin matçlarda meydanda yox idim. Lakin oyunlardan xəbərim var. Bilirəm ki,  “Qarabağ” Azərbaycanda hər zaman çempionluğa oynayır. Mütəmadi olaraq Çempionlar Liqasında iştirak edir. Eyni zamanda Avropa Liqasının qrup mərələsində də komandanın matçlarını izləmişəm. “Qarabağ” Azərbaycanın böyük klubudur. Azərbaycan mənim üçün yeni ölkə sayıla bilər. Burada fərqli mədəniyyət və adətlərlə qarşılaşıram. Bu da bir təcrübədir. Qazandığım təcrübə mənə gələcəkdə kömək edəcək.

 

- “Qarabağ”a keçdiyinizi Norveç yığmasının heyətində Azərbaycan millisinə qarşı keçirdiyiniz matçdan sonra xəbər tutduğunuzu söyləmişdiniz. Amma matçdan əvvəl fərqli açıqlamar vermişdiz. Bu həqiqətən belə olub?
- Bəli, doğru deyirsiz. Həmin zaman “Qarabağ”la danışıq aparırdım. Düşünürdüm ki, əvvəlcədən bu barədə danışmağım oyuna köklənməyimə mane ola bilər. Etiraf edirəm ki, yalan danışmışam (gülür). Bəzən vəziyyətdən asılı olaraq bu cür addım atmağa məcbur qalırsan. Milliyə köklənməli idim. Azərbaycanla görüş bizim üçün çox vacib idi. Fikrimi dağıda bilməzdim. Ona görə başqa komanda ilə danışıq aparmağımla bağlı heç nə demədim. Həm də oyundan əvvəl danışıqlar 100 % bitməmişdi. Məsələ tam həllin tapsaydı, bu barədə açıqlama verəcəkdim. Mər şey son saniyələrdə dəqiqləşdiyi üçün oyundan sonra məlumat verdim.

 

“Olimpiakos” kimi güclü klubdan “Qarabağ”a gəlmisiniz. "Qarabağ"ı seçməyinizin səbəbləri nədir?
- Açığı, “Olimpiakos”da işlərim o qədər də yaxşı getmirdi. Yay fasiləmiz qısa alınmışdı. Cəmi 10 gün istirahət edib, toplanışa bir qədər gec qoşuldum. Üstəlik, çıxış etdiyim mövqeyə bir neçə futbolçu gətirilmişdi. Gördüyüm qədərilə baş məşqçi məni əsas heyətdə düşünmürdü. Mənə daha çətin olacaqdı. Ona görə də belə bir seçim etməli oldum. Çempionlar Liqasında oynamaq şansımı qaçıra bilməzdim. Bu, mənim arzum idi. Hesab edirəm ki, bura gəlməklə səhv etməmişəm və “Qarabağ”la böyük nəticələr əldə edə bilərəm. “Qarabağ” da çox böyük klubdur. Təklif gələn kimi şansı boşa vermədim.

 

- Yunanıstanlı azarkeşləri çılğınlıqları ilə seçilirlər. Azərbaycanda tribunaları boş görən zaman təəccüblənmədiniz ki?
- “Qarabağ” azarkeşlərinin sona qədər dəstək vermək bacarığını bilirdim. Sosial mediada gələn mesajlardan hiss etdim ki, məni burada sevirlər. “Çelsi”yə böyük məğlubiyyətdən sonra belə dəstək vermələri alqışalayiqdir. Hamısı mənə “hesaba fikir vermə, hər şey yaxşı olacaq” deyirdilər. "Kəpəz"lə görüşə cəmi iki min azarkeş gəlsə də, onların sona qədər dəstək olmaları vacibdir. Bu, saydan önəmlidir.

 

- “Qarabağ”la mövsümün sonuna qədər müqaviləniz var. Uzatmağı düşünürsünüz?
- Bu barədə danışmaq hələ çox tezdir. Hələ birinci oyunuma çıxmışam.

Tarix: 18 Sentyabr [12:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio