"Kim zəmanət verə bilər ki, "Qarabağ"la oyunda Fərhad Vəliyev olsaydı, səhv eləməzdi" MÜSAHİBƏ

10:00 - 26 Sentyabr 2017

“Sumqayıt”ın qapıçılarla işləyən məşqçisi Etibar Tarıverdiyevin Sportal.az saytına müsahibəsi.

 

Son iki oyunda - həm “Zirə”, həm də “Qarabağ”la matçlarda “Sumqayıt”ın qapısını Mehdi Cənətov qoruyub və hər iki oyunda inamsız çıxışla yadda qalıb. Belə vacib oyunlarda Fərhad Vəliyev qala-qala təcrübəsiz qapıçının meydana çıxmasına nə ehtiyac var idi?

 

İlk növbədə onu deyim ki, Mehdi məşqlərdə özünü çox yaxşı göstərirdi və bu oyunlarda şans qazanmasının əsas səbəbi də bu idi. “Zirə” ilə oyunda epizodik səhvləri oldu, ancaq bunlar qolla nəticələnməyən səhvlər idi. Buraxılan qollara mütəxəssis gözüylə baxsaq görərik ki, orada qapıçı səhv eləməyib, sadəcə xilaskar ola bilməyib. “Qarabağ”la oyuna hazırlıq həftəsində də məşqlərdə yaxşı təsir bağışlayırdı. Düşündük ki, yenə şans verək. Çünki bir qapıçının inkişaf etməsi üçün ona ilk növbədə oyunlarda şans vermək lazımdı.

 

Sizə elə gəlmir ki, onu “Zirə” və “Qarabağ” kimi liderlərə qarşı oynatmaqdansa, “Səbail” və “Kəpəz” matçlarında sınamaq daha doğru olardı?

 

Qeyd elədim axı... Məhz bu ərəfədə məşqlərdə seçilirdi, ona görə bu məqama təsadüf elədi onun oyunlarda iştirakı.

 

Mehdi Cənətovda perspektiv görürsüz?

 

Biz onu perspektivə götürməmişik, Mehdidən indiki durumda kömək gözləyirik. Amma bir məsələ də var ki, bizə kömək eləməsi üçün gərək oyun praktikası olsun. Səhvdən heç kim sığortalanmayıb. Kim zəmanət verə bilər ki, “Qarabağ”la oyunda qapıda Fərhad Vəliyev olsaydı, səhv eləməzdi. Mehdiyə güvənimiz itməyib. İnanırıq ki, gələcəkdə yaxşı çıxış sərgiləyəcək.

 

Tərlan Əhmədli kimi perspektivli qapıçının əvəzinə nə üçün dağıstanlı Mehdi Cənətov gətirilib “Sumqayıt”a?

 

Tərlan Əhmədli mənim yetirməmdi. Özü mənə yaxınlaşdı və daim oyun praktikası qazanacağı komandaya getmək istədiyini dedi. Mən də onun getməsinə şans yaratdım. Yəni, öz istəyi ilə gedib. Hal-hazırda da daim onunla ünsiyyət saxlayıram.

 

Kamran Ağayev, Səlahət Ağayev, Anar Nəzirov... Üzdə olanların hamısı demək olar ki, köhnə nəsil qapıçılardandılar. Yeniləri niyə gəlmir, bizdə qapıçılarla düzgün işləmirlər?

 

Yox, belə deməzdim. Bunun çox səbəbləri var, danışası olsam, geniş mövzunu əhatə eləyər. Sadəcə onu deyim ki, gənc qapıçılara şans vermək lazımdır ki, üzə çıxsınlar. “Qarabağ”da Nicat və Məmməd, “Neftçi”də Kamran var, “Sumqayıt”da Süleyman Süleymanov yaxşı gələcək vəd edir. Əsas problem ondadır ki, klublar gənc qapıçılara səhv eləyə-eləyə inkişaf eləməyə imkan yaratmırlar...

 

Elçin

Xəbər xətti