"Kəpəz"in futbolçusu: "Qarabağ"a qarşı oynamaq üçün komandada ruh var"

18:07 - 2 Noyabr 2017

“İndiki məqamda bizim üçün hər oyun həlledicidir. Ötən tur “Keşlə” ilə matça da belə yanaşmışdıq. Görüşə ciddi hazırlaşıb, 3 xal üçün meydana çıxmışdıq”.

 

Sportal.az xəbər verir ki, bu sözlər “Kəpəz”in əsas komandasının futbolçusu Ceyhun Cavadova məxsusdur. Cavadov klubun saytına açıqlamasında komandanın vəziyyəti haqda danışaraq sözlərinə belə davam edib:

 

“Geriyə yolumuz yoxdur. Ona görə də məşqçilərin verdiyi tapşırıqların öhdəsindən maksimum şəkildə gəlməyə çalışırıq. Bakı klubu ilə oyunda qarşıya qoyulan vəzifəni yerinə yetirə bildik. Mövsümdə ikinci qələbəmizi əldə etdik. Daha çox xal qazanmalıyıq”.

 

Mövsümün ilk 10 turuna nəzər salan gənc yarımmüdafiəçi komandanın istənilən nəticəni qazana bilməməsinə təəssüfləndiyini bildirib:

 

“Təbii ki, turnir cədvəlində tutduğumuz mövqeyə görə çox məyusuq. Çempionata yaxşı hazırlaşmışdıq, ona görə uğurlu çıxış edəcəyimizi gözləyirdik. Bütün matçlara qələbə istəyi ilə yanaşırdıq. Bəzi oyunlarda sanki bəxt bizdən üz göndərmişdi. Çünki yaxşı oyun nümayiş etdirib uduzurduq. Düzdü, vəziyyətlə barışmırıq. Yəqin ki,  “Keşlə” ilə görüş bizim üçün dönüş nöqtəsi olar. Bundan sonra yaxşı olacağına inamım böyükdür”.
Gəncə klubunun baş məşqçisi Şahin Diniyev oyunlardan sonra keçirilən mətbuat konfranslarında dəfələrlə komandanın yeni qurulduğunu, futbolçuların uyğunlaşma üçün vaxta ehtiyac duyduğunu bildirib. O, həmçinin ustalıq səviyyəsi çox olmayan bəzi oyunçuların xarakter göstərərək oynadığını qeyd edib. Cavadov da məhz həvəs hesabına nəticə əldə edəcəklərini deyir: “Şahin müəllimin də vurğuladığı kimi biz gənc komandayıq, həvəs göstərməliyik, istəkli olmalıyıq. Daha çox əziyyət çəkməliyik. Bunun nəticəsində uğur əldə edə bilərik. İstəyimiz də var. “Qarabağ”a qarşı oyuna da belə istəklə çıxacağıq”.

 

“Kəpəz” Gəncədə Ağdam klubunu XI turun oyunları çərçivəsində qəbul edəcək. Çempionlar Liqasında ölkəmizi layiqincə təmsil etməyə çalışan “Qarabağ” ilə qarşılaşmaya Nizami yurdunda maraq böyükdür:

 

“Rəqibin gücü hamıya bəllidir. Qitənin ən nüfuzlu turnirində “Atletiko” ilə matçdan sonra çempionat görüşündə bizimlə oynayacaqlar. Azarkeşlərimizi doğma meydanda sevindirmək istəyirik, odur ki, matça tam ciddi və səylə hazırlaşırıq. Özümüzü göstərməliyik. “Qarabağ”a qarşı oynamaq üçün komandada ruh var. Fanatlarımızdan istəyimiz gəlib bizi dəstəkləmələridir”.
 
Ceyhun Cavadov son oyunlar start heyətində daha çox görünməsi ilə seçilir. Cavadov həm də oyun keyfiyyəti ilə də fərqlənməyə başlayıb:

 

“Mənə dəstək olanlara, komanda yoldaşlarıma, məşqçilərə təşəkkür edirəm. Verilən şansdan lazımınca istifadə etməyə çalışıram. Əsas heyətə düşmək üçün öz üzərimdə işləyirəm. Fiziki hazırlığım arzulanan kimi deyil. İlk növbədə bu zəifliyi aradan qaldırmalıyam. Yerimi start “11-liy”ində bərkitməklə yanaşı, oyunumla komandaya da kömək etməyə çalışıram”.

Xəbər xətti