“Neftçi”nin baş məşqçisi: “Çempionata hazır deyildik” MÜSAHİBƏ

11:52 - 17 Noyabr 2017

Birinci dövrənin son oyununda “Marafon Futsal”la qarşılaşan və liderlər qrupunda yer alan debütant üzərində qələbə qazanan “Neftçi” İK-nın baş məşqçisi İlqar Aslanov AFF-nın rəsmi facebook səhifəsinə müsahibə verib.

 

- Son iki oyunda turnir cədvəlinin zirvəsində qərarlaşan komandalara qarşı oynadınız və 4 xal qazandınız. Xüsusilə də “Marafot Futsal”la oyunun bu qədər gərgin keçəcəyinə hazır idiniz?

- Onlardan bu cür oynayacaqlarını gözləyirdik. Çünki “Marafon Futsal” Yüksək Liqada “Araz”dan başqa bütün rəqiblərini udmuşdu. Bizdən 5 xal artıq toplamaları oyunun əhəmiyyətini bir qədər də artırmışdı. Hətta matçdan əvvəl uşaqlara dedim ki, bu görüş bizim üçün “6 xallıq” oyundur. Udsaq, fərqi bir oyunda aradan qaldırılacaq qədər azaldacaq, uduzsaq, onları çox irəli buraxmış olacağıq. Bütün bunlar gərginlik yaratmaya bilməzdi.

 

- EKOL-a yenilgi sanki “Neftçi”ni ayıltdı. Həmin qarşılaşmada nə baş vermişdi ki, əzəli rəqibinizə yenildiniz?

- Yayda üç əsas oyunçumuz komandanı tərk etdi. Biz də boşluğu doldurmaq üçün iranlı legionerləri dəvət etdik. Onlar da dilimizi tam bilmirlər, müəyyən sözləri anlayırlar. Bu da anlaşmada problem yaradır. Xətlərarası əlaqə də hələ zəifdir. Bu da yenə ünsiyyət qura bilməməyin nəticəsidir. 

 

- Deməli, komandanız çempionata hazır deyildi?

- Bəli, çempionata hazır deyildik. Çünki legionerlərimiz komandaya mövsümün startına 1 aydan da az vaxt qalmış qoşuldular. Komandada qalıb-qalmayacaqlarını bilmirdik. Bəziləri cəmi bir həftə qalmış düşərgəmizə qoşuldu. Yəni, komandanın vaxtında komplektləşməməsi təsirini göstərir.

 

- Əslinə, “Neftçi” yenilərlə müqayisədə daha təcrübəli hesab edilir. Amma debütantlar deyəsən planları “pozub”?

- “Araz”ı istina etməklə, qalan komandalar bir-birindən xal ala, sürpriz nəticə qeydə alına bilər.

 

- Bəs ustalıq səviyyəsi?

- Yenə “Araz”ın üzvlərini fərqləndirərdim. Millinin bazası hesab edilən bu komandadan başqa, qalanları bir-birinə yaxındır. EKOL-un da üstün cəhəti var, bu komanda neçə illərdi eyni heyətlə çıxış edir. Bu məqam meydanda bir-birini başa düşmək baxımından onlara çox kömək edir.

 

- “Neftçi”dəki dəyişikliklər nədən irəli gəlirdi: gedən futzalçıları saxlamaq olmadı, yoxsa özünüz yeni nəfəsə ehtiyac duydunuz?

- Açığı, maddi durumumuz həmin oyunçuları komandada saxlamağa imkan vermədi.

 

- Çempionatla bağlı hədəflər, planlar necədir?

- Mükafatlar uğrunda mübarizə aparacağıq. Amma reallıq göstərir ki, heyətimizi gücləndirməliyik. Qış fasiləsi zamanı bunun üzərində işləyəcəyik. Zəif çıxış edən futzalçını güclüsü ilə əvəzləyəcəyik.

 

- Bəs millinin oyunu ilə bağlı yaranacaq fasilədən necə istifadə etməyi düşünürsüz?

- Adi qaydada məşqlərimizi davam etdirəcəyik. Səhvlərimiz üzərində işləyəcəyik. Fasilədən sonrakı oyunlara daha yaxşı hazırlaşmaq üçün maksimum istifadə edəcəyik.

 

- Demək olar, bütün komandaların çıxışını izləmisiniz. Yaxşı mənada xüsusi qeyd etmək istədiyiniz oyunçu və ya komanda varmı?

- “FK.İD.Futsal” xoş təsir bağışlayır. Çünki bu komandanın heyətində Rəcəb Fərəczadə kimi təcrübəli, ustalıq səviyyəsi yüksək olan futzalçı var. O, komandasına çox kömək edir. Bizimlə oyunda da qarşılaşmanın taleyini həll edən futzalçı Rəcəb oldu.

Xəbər xətti