Ramin Musayev: "Stadiondan evə necə getdiyim yadımda deyil" MÜSAHİBƏ

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev müsahibə verib.

 

Sportal.az saytı həmin müsahibəni təqdim edir:

 
- Çempionlar Liqasının V turunda keçirilən “Qarabağ” – “Çelsi” (0:4) matçı istədiyimiz kimi başlasa da, eyni məcrada davam etmədi. Sizin fikirləriniz necədi?
- Oyun haqda Qurban Qurbanov çox gözəl fikirlər bildirdi. Nə deyə bilərəm? Üzüldüm, halım çox pisləşdi. Stadiondan evə necə getdiyim yadımda deyil. Oyunda bəxt gətirmək məsələsi də var. Bəlkə də, mənim sözümə futbol adamları güləcək. Ancaq deyim ki, dünənki matçın əvvəlindəki hücum zamanı top tirə dəyməyib tora düşsəydi, “Çelsi” üçün ağır gün olacaqdı. Hakimin Rəşad Sadıqovu meydandan qovması isə bütün ümidlərimizi sındırdı.
 
- Düşünmürsünüz ki, oyunun qırılma anı penalti yox, məhz topun tirə dəydiyi epizod idi?
- Bax, elə o idi. Tamamilə doğru qeyd etdiniz.
 
- Mübahisəli epizodların təkrarlarına baxmısınızmı?
- Xeyr, baxmamışam. Çünki baxanda əsəbləşirəm.
 
- Həmin vəziyyətlərlə bağlı müxtəlif fikirlər səsləndirilir. Sizin qənaətiniz nədi?
- Əgər eyni epizod qarşı tərəfin qapısı qarşısında yaransaydı, hakim penalti verməyəcəkdi. Buna tam əminəm. Neçə illərdi, mövsümün son oyununda “Qarabağ”ın başına iş gəlir.
 
- Ola bilərmi ki, bütün bunlar öncədən planlaşdırılır?
- Yox, buna inanmıram. Amma reytinqi aşağı olan komandaya hakim bir növ yuxarıdan aşağı baxır. Bir daha təkrar edirəm ki, o vəziyyət rəqibin qapısı qarşısında olsaydı, hakimin qırmızı vərəqə və penalti verəcəyinə inanmıram. “Qarabağ”ın bundan əvvəlki matçlarının birində də eyni vəziyyət yaranmışdı. Dino Ndlovuya qarşı kobudluq edilmişdi. Belə bir şey var idisə, onda niyə penaltini vermədilər?
 
- İkinci penalti epizodu ilə bağlı düşüncəniz nədi?
- İnanın ki, görməmişəm. Qırmızı vərəqədən sonra, həqiqətən də, özümdə olmamışam.
 
- Düşünmürsünüz ki, hakimlər yanlış qərarlarla, bəlkə də, bir komandanın mövsümboyu çəkdiyi əziyyəti yerə vururlar?
- Dünən təkcə “Qarabağ”a, futbola yox, stadiona gələn hər kəsin əziyyətinə pis oldum. Onlar sevinməyə layiq azarkeşlər idi. İrandan belə, 100 azarkeş gəlmişdi. Mənim özümün bir neçə nəfər xarici qonağım var idi. Türkiyədən, başqa ölkələrdən “Qarabağ”ın matçını izləmək üçün gələnlər var idi. Mən onların üzülməyini gördüm. Ondan sonra heç nə yadımda deyil.
 
- Çempionlar Liqası kimi turnirdə belə hakimlik gördükdən sonra azərbaycanlı referilər haqda düşüncələriniz necə olur?
- AFFA prezidenti Rövnəq Abdullayev bir dəfə gözəl ifadə işlətdi. Dedi ki, avrokubok oyunlarına baxanda bizim hakimlərə çox şükür. Səhv etmirəmsə, bu fikri cənab prezidentimiz də söyləyib. Hakimlər də səhv edə bilərlər. Ancaq belə bir məsuliyyətli oyunda bu cür səhvlərə yol verməyin nə dərəcədə doğru olduğunu bilmirəm. (apasport.az)

Tarix: 23 Noyabr [15:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2017
12  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio