Elvin Yunuszadə: "Bizi istəməyənlər belə düşünər" MÜSAHİBƏ

22:34 - 8 Dekabr 2017

Bu gün Topaz Premyer Liqasında 2017-ci ilin son oyunu keçirilib. 
 
Sportal.az xəbər verir ki, IV turdan təxirə salınmış oyunda “Qarabağ” səfərdə “Səbail”ə 2:0 hesabı ilə qalib gəlib. Matçdan sonra Ağdam klubunun müdafiəçisi Elvin Yunuszadə jurnalistlərin suallarını cavablandırıb. Yunuszadə ilk olaraq qələbəni şərh edib:
 
- İlk dövrədəki kimi, bu oyunun da çətin olacağını bilirdik. Meydan da ağır idi. Səfərdən də gəlmişdik. Düzdür, heyət fərqli idi. Amma psixoloji yorğunluq var idi. Əsas olan 3 xalı əldə etdik. Vacib oyunlardan biri idi. Şükürlər olsun ki, ikinci dövrənin son matçında da qalib gəldik.
 
- Futbolçular meydanda sürüşürdülər. Meydanda hərəkət etmək çətin idi?
- Top qaçırdı. Bir az çətinlik çəkirdik.
 
- İlk hissə daha ağır keçdi...
- Deməzdim. Hər ikisi çətin keçdi. Start heyətdə yer alan futbolçular daimi olaraq bir yerdə oynamırlar. İlk hissədə buna görə çətinlik çəkdik. Amma fasilədən sonra qollar vurduq.
 
- Artıq “Qəbələ”dən 6 xal öndəsiniz...
- Səhv etmirəmsə, ötən il də belə vəziyyət yaranmışdı. Ancaq “Qəbələ” bizə çatmağı bacarmışdı. Arxayınlaşmaq olmaz. Hələ heç nə başa çatmayıb. Elə hazırlaşmaq lazımdır ki, sanki onlarla xallarımız eynidir, hətta geridəyik.
 
- Belə fikir formalaşıb ki, “Qarabağ” Çempionlar Liqası ilə vidalaşdığı üçün çempionatda bütün oyunları qalib gələcək...
- Xeyr, belə deməzdim. Bu cür fikirləşmək ziyanımıza olar. Məncə, bizi istəməyənlər belə düşünər. Bu cür düşünsə, bizim motivasiyamız aşağı düşər və boşalarıq. Oyunlara ciddi yanaşarıq.

Xəbər xətti