“Neftçi”nin 2 futbolçusu “Səbail”də

12:21 - 19 Dekabr 2017

“Neftçi” klubunun futbolçuları Rahil Məmmədov və Fəhmin Muradbəyli karyeralarını "Səbail”də davam etdirəcəklər.

 

Sportal.az xəbər verir ki, bu barədə Bayıl təmsilçisinin baş məşqçisi Samir Əliyev bildirib.

 

O deyib ki, müvafiq olaraq müdafiəçi və yarımmüdafiəçi mövqelərində çıxış edən oyunçularla bu gün mövsümün sonuna qədər icarə müqavilələri imzalanacaq.

 

Topaz Premyer Liqasının debütantı litvalı müdafiəçi Egdaras Jarskisin ardından braziliyalı yarımmüdafiəçi Renan Telles və rumıniyalı Aleksandru Popoviçi ilə də yollarını ayırmağı düşünür. Samir Əliyevin sözlərinə görə, hazırda sözügedən futbolçularla müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilməsi ilə bağlı danışıq aparılır: "Yayda komanda yeni idi. Vaxt az olduğundan, istədiyimiz transferləri edə bilmədik. Lakin artıq tədricən komandanı gücləndirmək barədə düşünürük. Ona görə də daha güclü futbolçular axtarırıq. Legionerlərlə yanaşı, yerli futbolçulardan da bəziləri ilə yollarımızı ayırmağı düşünürük. Lakin rəsmi bir şey olmadığı üçün adlarını açıqlaya bilmirəm”.

 

Qeyd edək ki, "Səbail” qış fasiləsinə 13 xalla 6-cı pillədə yollanıb. Klub Azərbaycan Kubokunda mübarizəni 1/4 finalda dayandırıb ("Report").

Xəbər xətti