Təmkin Xəlilzadə: "Oyundan-oyuna artıracağıq" MÜSAHİBƏ

23:08 - 30 Yanvar 2018

Antalyada təlim-məşq toplanışında olan Azərbaycan millisi yoxlama oyununda qüvvəsini sınayıb. Yığmamız “Mardan” stadionunda keçirilən matçda Moldova millisi ilə qolsuz bərabərə qalıb. Oyundan sonra yığmamızın müdafiəçisi Təmkin Xəlilzadə jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az saytı xəbər verir ki, Xəlilzadə öncə oyun haqda danışıb:

 
- İlin ilk oyun idi. Yaxşı hazırlaşmışdıq. Rəqib də yaxşı komanda idi. Yaxşı müdafiə olunamğı bacardılar. Üstünlük bizdə oldu. Daha çox topa nəzarət edən tərəf idik. Lakin rəqibin müdafiə betonunu yara bilmədik. Düşünürəm ki, pis çıxış etmədik. İnşallah, bu komanda ilə yaxşı nəticələrimiz olar.
 
- Robert Prosineçkinin rəhbərliyi altında da top qovmusan. Bu matçda onun Qurbanovla fərqi nədə hiss olundu?
- Elə bir fərq hiss etmədim. Bu sual dünən də mənə brifinq zamanı verilmişdi. Orada da bunu vurğulamışdım. Hər iki mütəxəssis futbolçulardan topla oynamağı tələb edir. Top itiriləndə isə pressinq etməlisən. Yerlə göy qədər fərq yoxdur. Futbolun dili birdir. İnşallah, bundan sonra daha yaxşı olar.
 
- Ötürmələrdə bir qədər səhblər çox oldu. Komanda həyəcanlı görünürdü.
- Oyundan indi çıxmışıq. Nəsə deməyim düz olmaz. Baş məşqçimiz oyunu analiz edəcək. İradları da bizə bildirəcəklər. Sözsüz ki, birinci oyunla beşinci qarşılaşmamızda fərq olacaq. Oyundan-oyuna artıracağıq. Milli üçün ən yaxşısını etməyə çalışacağıq.
 
- Moldova da Millətlər Liqasında bizim kimi sonuncu səbətin sakinidir. Qrupu adlasaq, bu komanda ilə yenə qarşılaşa bilərik...
- Gəlin belə danışaq, biz hələ növbəti mərhələni düşünməyək. Öz qrupumuzu düşünməliyik. Elə bir şeylə də üz-üzə qalsaq, turu keçən tərəf biz olarıq.

Xəbər xətti