Elvin Məmmədov: "Qışda "Neftçi"yə getmək istəyirdim" MÜSAHİBƏ

"Qəbələ"nin yarımmüdafiəçisi Elvin Məmmədov Qol.az-a müsahibə verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi həm komandasının qış fasiləsindən sonrakı çıxışından, həm də əyalət klubundakı gələcəyindən danışıb.

 

- Dünən Topaz Premyer Liqanın 23-cü turunun "Səbail"lə oyununda gözlənilmədən xal itirdiniz...

- Oyuna yaxşı başlaya bilmədik. Xal itkisini əsasən bununla əlaqələndirərdim. Düzdür, ikinci hissədə daha inamlı oynadıq. Amma real qol imkanlarından istifadə edə bilmədik. Komandada həm psixoloji, həm də oyun baxımından eniş var. Özünəinam az da olsa itib. Bunlar da alınan nəticələrə görədir. Futbolçu olaraq, bunların fərqindəyik. Ancaq hərdən meydanda nə qədər çalışsan da, istədiyini həyata keçirə bilmirsən. Dünən son 15-20 dəqiqədə çox yaxşı oynadıq. Təəssüf ki, 100 faizlik qol şanslarını dəyərləndirə bilmədik. Buna görə də nəticə belə alındı.

 

- Komandanızdakı ruh düşkünlüyünün bir səbəbi də artıq "Qarabağ"ın çempionluğa daha da yaxınlaşması, "Qəbələ" üçün qızıl medal şanslarının əldən çıxması ola bilərmi?

- Bunlar 4-5 tur öncə olsaydı, hardasa belə düşünmək olardı. Səbəb "Qarabağ" deyil. Onsuz da onlar çempionluğa gedirlər. Bizim üçün 2-ci yerdə möhkəmlənmək lazımdır. Əsas səbəb ardıcıl xal itkilərindən sonra yaranan inamsızlıqdır.

 

- Qarşıda "Neftçi" ilə kubokun cavab oyunu var. "Səbail"lə heç-heçə vacib görüş öncəsi "Qəbələ"yə nə dərəcədə təsir göstərə bilər?

- Udsaq, daha yaxşı olardı. Amma kubok oyununun atmosferi tam fərqlidir. Çempionlar Liqasındakı oyunlar da göstərdi ki, hər bir komanda sonadək mübarizə apara bilər.

 

- Səncə, "Neftçi"yə ilk oyundakı 1:2 hesablı məğlubiyyətin əvəzini cavab matçında çıxmaq mümkün olacaq? Nəzərə alaq ki, "ağ-qaralar" son vaxtlar əla formadadır...

- Düzdür, doğma meydanda 1:2 hesablı məğlubiyət "Qəbələ" üçün ağır nəticədir. Bizi qane etmir. Amma futbolda hər şey mümkündür. Bir çox çempionatlarda da görmüşük ki, bəzən uduzan komanda sonda istəyinə nail ola bilir. "Neftçi" çətin rəqibdir. Hazırda ən yaxşı formada olan komandalardan biridir. Maksimum nəticə qazanmağa çalışacağıq. Kubok oyunları fərqli olur. Komandalar bu görüşlərə daha yaxşı hazırlaşırlar. Əlimizdən gələni edib, turu keçmək istəyirik.

 

- Bu mövsüm nadir hallarda meydana çıxırsan. Bu, nə ilə bağlıdır?

- Bu, mənə veriləsi sual deyil. Heyətlə bağlı baş məşqçi qərar verir. Meydana çıxdığım oyunlarda əlimdən gələni etmişəm. Alınıb-alınmadığını deyə bilmərəm. Çempionat başa çatır, 5 tur qalıb. Bu barədə çox söz demək istəmirəm. Çünki danışsaq da, boşdur. Bunlar keçmişdə qaldı, qaytara bilmərik. Mən də çox oynamaq, komandaya kömək etmək istəyirəm. Baş məşqçi oynatmırsa, buna da hörmətlə yanaşmaq lazımdır.

 

- Roman Qriqorçukun mövsümün sonunda "Qəbələ"dən gedəcəyi ilə bağlı xəbərlər dolaşır. Komandanın içindəsən. Özü bu barədə futbolçulara nəsə deyibmi?

- İnanın ki, belə bir söhbət yoxdur. Biz də mətbuatdan oxuyuruq ki, Qazaxıstan və Litva variantları var. Amma komandanın içində heç bir söhbət olmayıb. Nəsə desəydi, biz də bilərdik. Bizə heç nə deyilməyib.

 

- Qış fasiləsində "Neftçi"yə keçmək variantın var idi. Qriqorçuk özü də mətbuata açıqlamasında bunu təsdiqləmişdi. Maraqlıdır, özün getmək istəmədin, yoxsa baş məşqçi buraxmadı?

- O məsələdə Qriqorçuk amili yox idi. Klubla müqaviləm olduğu üçün transferin maddi tərəfləri var idi. Birincisi, buna görə alınmadı. Həmin vaxt "Neftçi"nin rəhbərliyi tam fərqli idi. Ona görə söhbət alınmadı. Tək mənlik olan bir şey deyildi. Əksinə, mən oynamaq üçün bu addımı atmaq istəyirdim. Amma klublar arasındakı söhbətlərə görə baş tutmadı.

 

- Mövsümün sonunda "Qəbələ" ilə müqavilən başa çatacaq. Gələcəyinlə bağlı qərar vermisən?

- Hələlik bu barədə rəhbərliklə söhbətimiz olmayıb. Çünki komandada baş məşqçi də daxil olmaqla, kimin qalıb-qalmayacağı bilinmir. Ona görə də nəsə deyə bilmərəm.

 

- "Qəbələ"də qalmaq istəyirsən, yoxsa?..

- Mən oynamaq istəyirəm. Hər şey ola bilər. Bəlkə elə məşqçi gələ bilər ki, "Qəbələ"də qalıb komandaya kömək edərəm. Yaxud da baş məşqçi deyər ki, səni komandada istəmirəm, başqa futbolçu gəlməlidir, qərarına hörmətlə yanaşıb gedərəm. İndidən bu haqda nəsə deməyin yeri yoxdur. Hələ söhbət olmayıb. Variantlar haqda düşünməmişəm.

Tarix: 16 Aprel [13:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 May 2018
24  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio