"Keşlə" dağılır, yoxsa yenə əl dəyişir? KİÇİK QEYD

10:10 - 20 Aprel 2018

Cahangir Hacıyevin həbsə düşməsindən sonra bu klubun başına gəlməyən qalmadı. Bir neçə dəfə rəhbərliyi dəyişdilər, klubun adını dəyişdilər, stadionu əllərindən aldılar. Sonda AFFA-nın məsələyə qarışmasından sonra icarədar kimi "İnter Arena"da qala bildilər. Lakin bu düzənin hara qədər yürüyəcəyini söyləmək çətindir. Futbol ictimaiyyətində gəzən söz-söhbətə görə "Keşlə"nin dağılmaq ehtimalı mövcuddur. Elə məntiqlə də baxanda AFFA-nın paytaxt klubunu maliyyələşdirməyindənsə, həmin pulu hər hansı bölgə klubunun Premyer Liqada iştirakına yönəltməsi daha effektiv olar. Sadəcə, ölkə kubokunun finalı ərəfəsində nə "Keşlə"nin rəhbəri Zaur Axundov, nə də AFFA-nın baş katibi Elxan Məmmədov neqativ fikirlər bildirmək istəyir. "Keşlə" ölkə kubokunu qazansa, bu, klubun ömrünü bir qədər uzada bilər. Heç olmasa 1 mərhələ keçməklə illik büdcənin yarısını UEFA-dan gələn gəlirlər hesabına formalaşdırarlar. Lakin "Neftçi" ilə cavab matçında "əzələ nümayişi" eləyən "Qəbələ"nin tarixində ilk titulu əldən verəcəyinə inanmaq çətindir. 

 

Əldə etdiyimiz digər bilgiyə görə, "Keşlə" yenə əl dəyişə bilər. Klubun Azərbaycan Sənayə Korporasiyasının balansına keçmək ehtimalı var. Belədə "İnter Arena"nın sahibi olan bu şirkət həm də kluba sahib çıxacaq. Lakin bu, versiyadır. Hələ ki, bu istiqamətdə real heç nə yoxdur.

 

Elçin

Xəbər xətti