Ruslan Abışov: "Vurduğum qolu balaca Ruslana həsr edirəm" MÜSAHİBƏ

15:15 - 23 Aprel 2018

“Neftçi”nin kapitanı Ruslan Abışov Topaz Premyer Liqasının 24-cü turunda "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az oyunda yeganə qolun müəllifi olan futbolçunun müsahibəsini təqdim edir.

 

- 3 gün öncə elə bu meydanda "Qəbələ"yə uduzaraq kubokdan kənarda qaldınız. 4 gündə nə dəyişdi ki, qalib gəldiz?

- Heç nə dəyişmədi. Sadəcə, həmin kubok matçında arxayınlığa görə məğlub olduq. Erkən qol vurduq, bu da bizə mənfi təsir göstərdi. "Qəbələ" finala çıxmağı bizdən daha çox istəyirdi. Həm də ilk oyunda səfərdəki 2:1 hesablı qələbə də futbolçularda istər-istəməz rahatlıq yaratmışdı. Bu matçda əlbəttə, revaş arzusuyla oynayırdıq. Üstəlik, dünənki qarşılaşmada "Zirə" xal itirmişdi. Çox yaxşı şansımız var idi ki, 4-cü pilləyə qalxaq. Şükürlər olsun ki, bu gün qələbə qazandıq və 4-cü yerə yüksəldik. Ancaq sona 30 dəqiqə qalmış bizim üçün daha ağır keçdi. Çünki qırmızı vərəqə alaraq 10 nəfərlə qaldıq. Şükür ki, qələbə hesabımızı sonadək qoruya bildik.

 

- Qələbə topuna imza atdın. Bu qolu kimə həsr edirsən?
- Ailəmə. 4 gün əvvəl böyük qardaşım Sərxanın oğlu olmuşdu. Adını də mənim adımı qoyublar. Vurduğum qolu balaca Ruslana həsr edirəm.

 

- Bu xoş olay kubokdakı uğursuz matça təsadüf etdi...
- Bəli, məhz həmin gün idi.

 

- Həmin gün bir tərəfdən qardaşına görə sevinirdin, digər tərəfdən, öz uğursuz oyununa görə məyus olurdun...
- Bəli, deyərdim ki, mənim günüm deyildi. Məndə heç bir şey alınmadı. Bundan sonra sağ olsun klub rəhbərliyi, məşqçilər korpusu, bütün komanda yoldaşlarım, ailəm, dostlarım hamısı mənə dəstək oldu. Bunun nəticəsində matça başqa motivasiya ilə çıxmışdım. Sözsüz ki, həmin uğursuz oyunun bir təsadüf olduğunu sübuta yetirmək istəyirdim. Bu, hər bir futbolçunun başına gələn bir hadisədi. Futbol həyatında, karyeranda belə uğursuz qarşılaşmalar olur. Ancaq istəməzdim ki, bu, kubokda cavab yarımfinal matçında olsun. İstəyirdim ki, finalda çıxış edim. Ancaq çox istəməkdən həmin oyunda uğursuz çıxış etdim.

 

- Avropa Liqasında əsas rəqiblərinizdən olan "Sumqayıt" bu turda uduzaraq 3 xal itirdi. 3-cü pilləyə yüksəlmək şansınızı necə dəyərləndirərdin?
- Açığı, o barədə hələ heç bir şey fikirləşmirik. Yalnız öz oyunlarımız haqda düşünürük. Qalan 4 turun hər birinə final kimi çıxacağıq ki, maksimum nəticə qazanaq. Rəqiblərimzi xal itirəcək, qazanacaq, bunun bizə fərqi yoxdu. Əsas odu ki, biz qələbə qazanaq, öz xalımızı artıraq.

 

- "Forza Neftçi" azarkeş qrupu oyuna gəlməmişdi. Qələbə qazandığınız oyundan sonra hər dəfə qələbəni onlarla bölüşürsünüz. Bu imkandan məhrum olmaq sizə necə təsir göstərdi?
- Düzdü, onlarsız stadion çox soyuq görünürdü. Ancaq sağ olsun, "Neftçi" azarkeşləri, bu gün də tribunalarda var idi. Onlar bizi bu gün dəstəklədilər. Stadiona gələn azarkeşlərə təşəkkür edirəm. Onlar onsuz da hər zaman "Neftçi"ni sevirlər. İnanıram ki, qarşıdakı oyunlarda yenidən öz yerlərində olacaqlar.

 

- Ola bilərmi ki, kubokdakı məğlubiyyətdən incik düşmüşdülər?
- Ola bilər. Çünki həmin oyunda doğrudan da çox yaxşı azarkeş dəstəyimiz var idi. Onları da başa düşürəm. Azarkeşlərimizi məyus etdik. Ancaq bu, futboldu. İnanıram ki. bu mövsümü ən azından medalçılar sırasında başa vuracağıq. "Neftçi" ən azı təsəlli olaraq mövsümü medalla başa vuracaq.

 

- Emin Mahmudov çox sakit təbiətli futbolçudu. Ancaq qırmızı vərəqə aldığı epizodda çox aqressiv idi, onu meydandan güclə çıxardınız. Bir kapitan kimi bu epizodu necə dəyərləndirərdin?
- Əlbəttə, həmin epizoda Eminin heç bir aidiyyatı yox idi. Ancaq baş hakim artıq qırmızı vərəqəni vermişdi. Düzdü, Mahmudov çox hirslənmişdi. Günahı olmaya-olmaya onu meydandan çıxardılar. Doğrudan da yaxşı çıxış edirdi. Futboldu, normaldı belə hallar. Bu haqda AFFA-nın İntizam Komitəsi qərar çıxarar və Eminin 2-ci sarı vərəqəsi ləğv olunar. Bunun da nəticəsində Mahmudov qarşıdakı oyunda bizə kömək edər. Çünki o, bizim üçün çox vacib futbolçudu.

 

- Bir epizodda isə baş məşqçiniz Tərlan Əhmədov hakim qərarına çox aqressiv oldu, sənə də kəskin formada irad bildirdi. Orada nə olmuşdu?
- Həmin standart vəziyyət zamanı rəqibin cərimə meydanına getmək istəyirdim. İçimdə hiss vardı ki, 2-ci qolu da vura bilərəm. Ancaq baş məşqçi müdafiədə qalmağımı tapşırdı.

Xəbər xətti