Anar Nəzirov: "Taleyimiz öz əlimizdə deyil" MÜSAHİBƏ

21:57 - 5 May 2018

"Zirə" Topaz Premyer Liqasının 26-cı turunda səfərdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib.

 

"Qartallar"ın kapitanı Anar Nəzirov qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportal.az təcrübəli qapıçının müsahibəsini təqdim edir:

 

- Uzun müddət sonra qələbə qazandız. Necə hissdi?

- Bu hissləri ancaq komanda bilər. Çempionatın elə vaxtıdı ki, bizə mütləq qələbə lazım idi. Şükürlər olsun ki, qələbə qazana bildik.

 

- Qış fasiləsindən sonra qələbə qazana bilməməyinizin səbəbi nə idi?

- Futbolun bu üzü də var.  Oyunlarımıza baxsaq, görərik ki, yaxşı oynamışıq. Bəlkə də "Zirə"nin tarixində elə oyunlar olmayıb. Futbol baxımından, yaxşı mənada deyirəm. Biz həmişə mübariz komanda olmuşuq. 1 qol vurub hesabı qoruya bilirdik. Bütün rəqiblərimizdən xal ala bilərdik. Hər dəfə uduzduqdan sonra deyirdik ki, növbəti oyunda qələbə qazanacağlıq. Bu da bizə təsir edirdi.

 

- "Zirə"nin avrokuboklara vəsiqə qazanmaq şansını necə dəyərləndirirsən?

- Taleyimiz öz əlimizdə deyil. Amma nə olur-olsun biz sona kimi mübarizəmizi davam etdirəcəyik. Bu gün qələbə qazanmaya da bilərdik. Bunun bizim mübarizə aparmağımıza heç bir təsiri yoxdu. Son tura kimi mübarizə aparıb əlimizdən gələni edəcəyik.

 

- Penalti epizodları ilə bağlı nə düşünürsən?

- Hakim də insandı. Mən görməmişəm. Videoya baxdıqdan sonra fikrimi deyə bilmərəm. Əgər penalti var idisə, hakim verməli idi. Bizim də penaltimiz verilmədi. Hakimin heç vaxt qərəzli ola bilməz, o da insandı. Bəlkə də köməkçiləri həmin epizodda ona ona kömək edə bilməyib. Belə şeylər çox olub. Görmüsüz ki, "Zirə"dən kimsə hakimlikdən narazılıq etsin?

 

- Son qələbənizi də "Səbail" üzərində qazanmışdız. Gücünüz elə "Səbail"ə çatır?

- Yox. Elə deməyək. İlk iki dövrədə bizim hamıya gücümüz çatırdı. Uğursuzluq zolağına düşmüşdük. Bu vəziyyətdən çıxmaq üçün çox mübarizə apardıq. Heç kəs kənardan bizim psixoloji cəhətdən nələr çəkdiyimizi təsəvvür edə bilməz. Çətin dövrdən keçmişik. Belə dövrdə komandada futbolçuları bir yerdə saxlamaq özü böyük işdi. 

 

- "Sumqayıt", "Neftçi" və "Zirə" avrokuboklar uğrunda mübarizə aparır. hansı komandanı daha şanslı hesab edirsən?

- Belə deyim də, biz nə olsa da, sonadək mübarizə aparacağıq. Amma "Sumqayıt"ın şansı öz əlindədi. 

 

- "Neftçi" sabah "Qarabağ"la oynayacaq. Yəqin ki, "Qarabağ"a azarkeşlik edəcəksiz...

- Bəli, 100 %.

Xəbər xətti