“Kiçik şübhələrim yaranan zaman həmin oyunçuları komandadan uzaqlaşdırıram” MÜSAHİBƏ

16:19 - 18 May 2018

“Mil-Muğan” klubunun direktoru Mirheydər Səfiyevin Sportmedia.az-a müsahibə verib.

 

Sportal.az saytı həmin müsahibəni təqdim edir:

 

- Komandanın son mövsümdəki çıxışı çox zəif oldu. Komadanın hazırki vəziyyəti necədir?
- Hazırki vəziyyət məni qane etmir. Çünki, komanda çempionatı 8-ci yerdə başa vurub. Belə nəticə ilə heç bir komanda rəhbərini qane olmaz. Məqsədimiz çempion olub Premyer Liqada çıxış etmək idi, lakin, olmadı. Komandada zəif oyunçular var. Bəzi dəyişikliklər etdik. Belə olan halda da komanda stabil oyanaya bilmir. Bu da öz nəticəsini göstərir. Ona görə, biz yenidən heyətə nəzər salmalı olacağıq.

 

- Hazırda komandada hansı problemlər var? Problemlər əsasən, hansı mövqelərdədi?
- Mən problemi oyunçuların zəif çıxışında görürəm. Bizim komandada digərlərindən fərqli olaraq daha çox yerli futbolçular var. Başqa komandalar yaranarkən heyətlərində təcrübəli, əvvəllər futbol oynamış oyunçular yer alır. Bizdə isə bu, mümkün deyil. 14 yerli oyunçumuz var. Bizim heyətdə 1999-2000-ci il təvvəllüdlü futbolçular yer alır. Onu da qeyd edim ki, bizim komanda yalnız I Divizionda çıxış etmir. Həmçinin, bütün aşağı yaş qrupları üzrə ölkə çempionatlarında iştirak edirik. 17 yaşlı futbolçularımızın bəziləri ilə ayrıca xüsusi məşqlər keçirdirik. Həmin oyunçuları I Diviziona cəlb etmək istəyirik. Biz I Divizion yarışlarında iştirak etməklə yanaşı azyaşlı qruplar arasında keçirilən region çempionatının hər həftə keçirilməsini də təşkil edirik. Klubumuzun bütün yaş qrupları bu çempionatda iştirak edir. Bu qrupların və onların məşqçilərinin də bütün xərcləri AFFA tərəfindən maliyyələşir. Eyni zamanda son 3 ildə klubumuzun 6 nəfəri AFFA-nın baş katibi Elxan Məmmədovun köməkliyi nəticəsində təmənnasız olaraq məşqçilik kataqoriyasına yiyələnmişlər ki, onlar da hazırda məşqçi kimi kulubumuzda fəaliyyət göstərirlər. Adətən Bakıda yaranmış komandalardan zəif oluruq. Çünki oyunçuların çoxu paytaxtda qalmaq istəyir, regionda çıxış etməyə maraqları olmur. Bu səbəblərdən dolayı komanda zəif olur.

 

- Sizcə, komandanın belə zəif çıxış etməsində məşqçinin rolu nə qədərdi?
- Təbii ki, məşqçinin də rolu var. Lakin, burada əsas faktor oyunçulardı. Şəhər komandaları daha yaxşı futbolçular seçə bilirlər. Məşqçidə isə çox da nöqsan görmürəm. Bir daha bildirmək istəyirəm ki, komandanın heyətinə bütövlükdə nəzər salacağıq.

 

- Gələn mövsüm üçün heyətdə çox dəyişikliklər edəcəksiniz? 
- İcazə versələr, təbii ki, legioner oyunçu transfer etmək istəyərik. Bəzi legioner futbolçular var ki, bizim klublarda oynamaq istəyirlər. Amma, federasiya icazə vermir. İcazə versələr, bir neçə yeni futbolçu transfer etmək istəyərik.

 

- Klubun aşağı yaş qruplarındakı futbolçularının əsas komandaya çıxma şansları nə qədərdi?
- Şansları böyükdür. Hətta 7 nəfər futbolçu ilə fasilə olmağına baxmayaraq ayrıca məşqlərimiz olur. Yəqin ki, onlardan bir neçəsi gələn mövsüm üçün I Divizionda komandanın heyətinə daxil ediləcəklər. Ümidverici uşaqlar çoxdu. Hazırda respublikanın bütün klublarında bizim az yaşlı yetirmələrimiz çıxış edir. “Qəbələ” klubuna gedənlər də çoxdur. Hətta ordan da digər klublara transfer olan futbolçular var.

 

- “Qəbələ” sizin klubdan futbolçu transfer etdiyinə görə ödəniş edirmi?
- Xeyr. Ödəniş olmur. Bizim onlarla müqaviləmiz var. Məşq etdiyimiz maddi-texniki baza “Qəbələ”yə məxsusdu. Ona görə də, ödəniş edilmir. Futbolçulardan müştərək şəkildə istifadə edirik.

 

- Əsas meydançanın ot örtüyü yaxşı vəziyyətdə deyil. Ot örtüyündə dəyişiklik etmək planınız var?
- Baza əla vəziyyətdədir. Ot örtüyü isə yaxşı durumda deyil. Uzun müddətdir ki, yenilənmir. Maliyyə vəziyyətimiz imkan verərsə, ot örtüyünü qısa zamanda dəyişdirməyə çalışacağıq.

 

- Bildiyimiz kimi, “Xəzər” klubu I Divizionun qalibi oldu. Debütant ilk mövsümdəcə uğur qazandı...
- Birinci dövrədə klub zəif çıxış edirdi. Lakin, ikinci dövrədə bunun tam tərsi oldu və layiqli qələbələr qazandılar. Bunun da əsas səbəbi heyətə yeni güclü oyunçuların cəlb olunması idi.

 

- Son zamanlar sizin komandanın futbolçularının oyun alğı-satqısında, nəticəsi öncədən razılaşdırılmış oyunlarda iştirak etdikləri ilə bağlı xəbərlər yayılırdı. Hətta, bəzi oyunçuların adları belə çəkilirdi. Klub rəhbəri kimi mövzu ilə bağlı münasibətinizi bilmək istərdik.
- Danışılmış oyunlarla bağlı federasiyanın güclü nəzarəti var. Bununla bağlı iclas da keçirildi. Bütün komanda rəhbərlərinə ciddi tapşırıqlar verildi. Hətta hüquq-mühafizə orqanları belə bu məsələyə cəlb olunub. Onlarla da görüşümüz baş tutub, izahatlar vermişik. Əgər oyunçular arasında həqiqətən belə söz-söhbətlər varsa, mən inanıram ki, federasiyanın güclü nəzarəti sayəsində bu problemlər tezliklə aradan qaldırılıcaq.

 

- Oyun alğı-satqısı ilə əlaqədar hər hansısa bir oyunçudan şübhələnmisinizmi?
- Bəzi oyunçular var ki, matç zamanı potensialından zəif çıxış edir. Kiçik şübhələrim yaranan zaman həmin oyunçuları komandadan kənarlaşdırmışam. Bundan sonra da, öz potensialından zəif oynayan futbolçular olarsa, onları da komandadan uzaqlaşdıracam.

 

- Federasiya sizin komandanın da oynadığı şübhəli qarşılaşmaları qeydə alıbmı?
- Xeyr. Biz yalnızca belə xəbərləri internet saytlardan oxuyuruq.

 

- I Divizionda hakim idarəçiliyindən razısınızmı? Premyer Liqadakı idarəçilikdən çoxmu fərqlənir? 
- Hakimlərin oyun zamanı bəzi kiçik səvlərinin şahidi oluruq. Bunu bəzən referilərin özləri də etiraf edirlər. Lakin qarşılaşmanın nəticəsinə təsir göstərəcək nöqsanlarına rast gəlməmişəm.

 

- Gələcək mövsüm üçün hədəfiniz nədir?
- Hədəfimiz I Divizionda çempion olub yenidən Premyer Liqaya qayıtmaqdır. Çünki, İmişliyə yenidən o futbol ab-havasını, Premyer Liqa ab-havasını qaytarmaq istəyirik.

 

- I Divizionda çempion olsanız, Premyer Liqaya qayıtmaq şansınız olacaqmı?
- Məncə, 90% qayıtmaq şansımız olacaq. Komandanı istədiyimiz səviyyəyə yüksəldə bilsək, o inamı yarada bilsək, elə zənn edirəm ki, federasiya da bizə dəstək olacaq.

 

- Maliyyə məsələsi ilə bağlı hər hansısa bir dəyişiklik gözlənilir mi, yoxsa klub yenə AFFA tərəfindən maliyyələşəcək?
- Klub yenə fedrasiya tərəfindən maliyyələşəcək. Hələ ki, bu haqda yeni bir məlumat yoxdur.

 

- Premyer Liqaya qayıtsaz, maliyyə məsələləri ilə əlaqədar dəyişiklik ola bilərmi?
- Premyer Liqaya qayıtsaq, biz də yəqin ki, sponsor sorağına çıxarıq.

Xəbər xətti